• 19 Aprel 2021
logo
Müşahidə Şuraları müasir idarəçiliyin inkişaf platforması kimi

Müşahidə Şuraları müasir idarəçiliyin inkişaf platforması kimi

Azərbaycanda həyata keçirilən struktur islahatlarının təməl fəlsəfəsini və hədəfini ölkə həyatının bütün sahələrində çevik, dinamik, dürüst, şəffaf, kollegial, müasir və yaradıcı idarəçiliyin tətbiqi təşkil edir.

Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Zaur Mikayılovu videoformatda qəbulu zamanı islahatların mahiyyətini əks etdirən bu mühüm məqamlara bir daha aydınlıq gətirdi. Sitat: “...Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.

Şübhəsiz ki, struktur islahatları çərçivəsində həyata keçirilən tədbirlərin, o cümlədən dövlət müəssisələrində Müşahidə Şuralarının yaradılmasının əsas məqsədi də, dövlət başçısının elan etdiyi idarəçilik keyfiyyətlərinə və prioritetlərə uyğun kadrların önə çıxarılması, müasir menecment, peşəkarlık, dürüstlük, təmizlik və vicdanın istisnasız dəyərləndirmə meyarına çevrilməsidir. Bu yanaşma təkcə ənənəvi, klassik məmur obrazının yenisi ilə əvəzlənməsi deyil, idarəçiliyin mahiyyətinin, fəlsəfəsinin dəyişməsi, tamamilə yeni və şəffaf münasibətlər sisteminin formalaşdırılması, qanunun aliliyinin, peşəkarlıq və mənəvi keyfiyyətlərin iç-içə olması, proseslərə vahid bir mexanizm kimi reaksiya verməsi və daxil olmasıdır.

Gözümüzün önündə Azərbaycan dövlətin və onun bütün subyektlərinin reformasiyası prosesi baş verir. Azərbaycan xalqına məxsus dəyərlər, milli dünyagörüşümüz və mədəniyyətimiz müasirliyin faydalı və inkişafa xidmət edən komponentləriylə çulğalaşır. Azərbaycan bayrağının rənglərində olduğu kimi... Müasirlik, inkişaf Azərbaycançılıq məfkurəsinin mərkəzini, ana xəttini, nütfəsini təşkil edir. Müasirlik, inkişaf, yeniliyə, tərəqqiyə meyllilik bizim genetik kodlarımızdan, dünyagörüşümüzdən, milli mədəniyyətimizdən qaynaqlanır. Biz bir xalq, toplum olaraq öz həyat fəlsəfəmizi yeniləşməkdə, müasirləşməkdə, inkişafda görürük. Bizim ən böyük düşmənimiz ətalət və durğunluqdur.

Qeyd edim ki, ölkəmizdə həyata keçirilən islahatların ən önəmli cəhətlərindən biri, onun konseptual əsaslara və real mexanizmlərə malik olmasıdır. Belə mexanizmlərdən biri də Azərbaycan İnvestisiya Holdinqidir. Holdinq dövlət müasisələrində müasir idarəçiliyin təmin edilməsi, səmərəliliyin artırılması üçün çoxsaylı komponentlərin bir arada yer aldığı unikal inkişaf platformasıdır.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin əsas məqsədi onun idarəetməsinə verilən dövlət müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin edilməsi üçün ali idarəetmə orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir və dövlətin adından onları idarə edir.

Dövlət müəssisələrinin fəaliyyətinə effektiv nəzarət, onların hesabatlılığının və fəaliyyətinin şəffaflığının təmin edilməsi onlarda daxili idarəetmənin qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulması ilə mümkündür.

Hər bir dövlət müəssisəsinin uğurlu fəaliyyəti ilk növbədə onun qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq idarə edilməsi ilə şərtlənir, bu isə, əsasən onun təsisçisi olan dövlətlə fəaliyyətinə cari rəhbərliyi həyata keçirən icra orqanı arasında Müşahidə Şurasının fəaliyyət göstərməsi, həmçinin bu idarəetmə orqanları arasında dəqiq və işlək səlahiyyət bölgüsünün aparılması ilə təmin edilir.

Hər bir dövlət müəssisəsinin Müşahidə Şurası korporativ idarəetmə orqanlarının sırasında mərkəzi yer tutmaqla ona ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, strategiyasını müəyyənləşdirir, icra orqanının fəaliyyətini qiymətləndirir, lakin cari əməliyyat fəaliyyətini idarə etmir. Yəni dövlət müəssisəsinə müəyyən edilən strategiyanın müstəqil şəkildə həyata keçirlməsi üçün imkan yaradır.

Dövlət müəssisələrində hazırda aparılan struktur islahatları, onların fəaliyyətinə səmərəli və işlək nəzarət mexanizminin qurulmasını təmin edir, yeni yaradılan Müşahidə Şuraları dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı vacib qərarları təsdiqləyir, məsuliyyəti bölüşür, hesabatlılığı təmin edirlər.

Dövlət müəssisələrində yaradılan Müşahidə Şuralarının əsas məqsədləri – onların cari rəhbərliyinin fəaliyyətinin səmərəliliyinə nəzarətin təmin olunması, peşəkar yardım və dəstəyin göstərilməsi, həmçinin dövlətin tənzimləyici qismində olan funksiyalarının onun səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarından ayrılmasıdır.

Müşahidə Şuraları dövlət müəssisələrinin icra orqanları üzərində nəzarəti və strateji idarəetməni həyata keçirən, habelə dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı əsaslı, dəqiq, hərtərəfli və şəffaf qərarların qəbul olunmasını təmin edən orqan kimi çıxış edir.

Məlum olduğu kimi, indiyədək bir sıra dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı olan vacib qərarların böyük əksəriyyəti onların icra orqanları tərəfindən qəbul edilirdi. Müşahidə Şuralarının yaradılması ilə bu qərarların qəbul edilməsi zamanı səlahiyyət və məsuliyyət bölüşdürülür, təsisçi olan dövlətin maraqlarını təmin edəcək yeni model formalaşdırılır.

Aparılan struktur islahatları, xüsusilə, strateji rəhbərlik və nəzarəti həyata keçirəcək Müşahidə Şuralarının yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin və şəffaflığının təmin edilməsinə xidmət edir.

Dövlət müəssisələrində yeni yaradılan idarəetmə modeli (Müşahidə Şuralarının yaradılması, onların fəaliyyətinin təmin edilməsi və s.) dövlətin tənzimləyici və səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarının bölüşdürülməsi, qərarların qəbul edilməsi və icra olunmasına nəzarət üçün vahid məsuliyyət və maraqların toqquşmasının qarşısının alınması prinsiplərinə uyğundur.

Dövlət müəssisələrinin idarə edilməsində Azərbaycan İnvestisiya Holdinqinin rolu –dövlətin adından səhmdar (təsisçi, mülkiyyətçi) qismində onların idarə edilməsindən, korporativ idarəetmənin vahid standartlarının müəyyən edilməsindən, qərarların qəbul edilməsi zamanı dövlətin maraqlarını əks etdirən mövqenin müdafiə edilməsindən, vacib inkişaf məsələləri üzrə onların cari rəhbərliklərinə dəstəyin göstərilməsindən ibarətdir. Bu isə öz növbəsində dövlət müəssisələrinin idarə edilməsində konkret hədəfə, nəticəyə hesablanmış fəaliyyətin həyata keçirilməsinə zəmin yaradır, səmərəliliyi artırır, yaradıcı, çevik və sağlam atmosferin formalaşmasını təmin edir.

Qəanətimə görə, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti gələcəkdə özəl sektorun inkişafı üçün də nümunə rolunu oynaya bilər. Bəlkə də bu prosesin paralel olaraq aparılmasına ehtiyac var. Prezident İlham Əliyevin, yazının əvvəlində iqtibas gətirdiyim fikirləri - müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik və vicdan ölkə həyatının bütün sahələrinin, o cümlədən özəl sektorun inkişafı üçün də mühüm əhəmiyyətə malikdir. Və çalışdığı sahədən, sektordan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı özünü bu islahatların mərkəzində hiss etməli, islahatların ruhuna uyğun olaraq dəyişikliyə özündən başlamalıdır.

Elçin Mirzəbəyli