• 9 Dekabr 2024
logo
Şuşaya "İskəndər-M" raketinin atılmasına hüquqi-siyasi qiymət verilməlidir – Komitə sədri

Şuşaya "İskəndər-M" raketinin atılmasına hüquqi-siyasi qiymət verilməlidir – Komitə sədri

Azərbaycanın Şuşa şəhərinə "İskəndər-M" raketinin atılması hərbi cinayətdir. Bu məsələ araşdırılmalı və hüquqi-siyasi qiymət verilməlidir. BMT TŞ-nin qətnamələri və beynəlxalq konvensiyalar Ermənistana belə silahlar verilməsini qəti qadağan edir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkəyə məxsus belə dəhşətli silahın həmin ölkə tərəfindən Ermənistana verilməsi və Azərbaycana qarşı istifadə edilməsi həmin ölkənin sülhməramlı və bitərəf olmasını şübhə altına salır:

“Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğalı nəticəsində 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan 800 mindən çox insan, bütövlükdə Azərbaycan xalqı insanlığa və dostluğa uyğun olmayan hadisədən hiddətlənir və qətiyyətlə pisləyir.

Düşünürük ki, Ermənistanın silahlandırılmasına, Köçəryan-Sərkisyan cinayətkar qruplaşmasının legitimləşdirilməsi və hakimiyyətə gətirilməsinə cəhd edən və işə sərmayə yatıran xarici qüvvələr öz pozuculuq fəalliyyətlərinə nəhayət ki, son qoyacaqlar. Bölgədə yenidən neofaşizmin baş qaldırmasına imkan verməyəcəklər. Faşizm ideologiyasının daşıyıcısı və qatil Njdenin Yerevandakı "heykəli" götürülməyənədək rəsmi şəxslər Ermənistana səfər etməməlidirlər. Sözlə əməl vəhdət təşkil etməlidir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqını və dövlətini "iskəndər"lərlə qorxutmaq mümkün deyil. Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər də əbəsdir. Bu kimi əxlaqdan uzaq hərəkətlərə, onu icra edəcək üçüncü ölkələrdə bəslədikləri "klounlarına" xərclədikləri pulları bir insani borc kimi Qarabağın hər qarışına basdırdıqları minaların təmizlənməsinə yönəltsinlər.

Azərbaycan onsuz da bu problemi də həll edəcək. Amma hökmən dostla düşmənin də fərqində olacaq. Ermənistana yenidən dağıdılmış, məhv edilmiş ordusunu yeni raketlərlə qurmaq və "qatil ali baş komandan"ı yenidən hakimiyyətə gətirmək layihəsi də bəribaşdan iflasa uğrayacaqdır.

Həmin insanlar ağıllarını başlarına yığsınlar, əgər sarsıdıcı məğlubiyyətdən sonra başlarını tapa biliblərsə. Bölgədə sülhün və iqtisadi inkişafın qarantı Azərbaycan Respublikasıdır.

Azərbaycan xalqı Müzəffər Ordusu ilə birlikdə Qalib Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib. Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini pozmağa cəhd edənlərin başını "Dəmir Yumruq" birdəfəlik əzməyə hazırdır!

Bunu heç kəs unutmasın və hansısa "gücə" güvənməsin!”.