• 1 Dekabr 2021
logo
Hulusi Akar Montrö sazişi ilə bağlı bəyanata münasibət bildirib

Hulusi Akar Montrö sazişi ilə bağlı bəyanata münasibət bildirib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Güler ehtiyatda olan bir qrup zabitlə görüşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Montrö Boğazları Sazişi” ilə əlaqədar 100-dən çox istefada olan yüksək rütbəli hərbçinin imzaladığı bəyanata münasibət bildirən H. Akar deyib ki, bəyanat demokratiyaya zərər verməkdən başqa bir işə yaramır.

“Bəyanatın demokratiyaya zərər verməkdən, şəxsi heyətin əhval-ruhiyyəsinə neqativ təsir göstərməkdən və düşmənlərimizi sevindirməkdən başqa bir işə yaramadığı aşkardır”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir. 103 istefada olan hərbçinin yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsi ilə əlaqədar etiraz əksini tapıb.

Xatırladaq ki, “Montrö Boğazları Sazişi” ilə əlaqədar bəyanata imza atan təqaüddə olan 14 admiral hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar barəsində Ankara Prokurorluğunda araşdırma aparılır. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər isə polis nəzarətinə verilib. Admirallar zor tətbiq etməklə konstitusiyanı quruluşunu dəyişməkdə ittiham olunurlar.