• 8 Dekabr 2021
logo
Dövlət başçısı: “Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik”

Dövlət başçısı: “Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik”

“Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır: "Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.

Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz”.