• 7 Dekabr 2021
logo
Azərbaycan Orta Asiya ilə Avropa arasında yeni nəqliyyat dəhlizi yaradır

Azərbaycan Orta Asiya ilə Avropa arasında yeni nəqliyyat dəhlizi yaradır

Dağlıq Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi ilə sona çatsa da, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı mənfi nəticələr hələ də davam etməkdədir. Ümumiyyətlə rəsmi İrəvanın uzun illər yürütdüyü işğalçı siyasətinin həmişə ağrılı nəticələri olub. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxladı və bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi erməni ordusunun nəzarəti altında qalaraq dağıdıldı, minalandı, səhralaşdı. Dünya bir milyondan çox azərbaycanlının öz doğma torpağından didərgin salınaraq qaçqın həyatı yaşamasının şahidi oldu. Erməni ordusu yalnız mülki obyektləri kənd və şəhərləri dağıtmaqla durmadı, xalqımıza qarşı etnik təmizləmə siyasəti də apardı. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı soyqırımı törətməsini beynəlxalq aləm pislədi. Xatırladaq ki, 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülüb. Onların arasında 106 qadın, 63 uşaq olub ki, bu günahsız insanlar da vəhşicəsinə qətlə yetiriliblər.

Bu illər ərzində işğalçı ilə, işğala, soyqırımına məruz qalan arasında fərq qoymayan ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir səmərə vermədi. Məlum olduğu kimi bu qurum məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılmışdı və 28 il ərzində fəaliyyət göstərsə də, ortada hansısa nəticə olmadı. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələri, nüvə dövlətləri sayılır. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Amma bu baş vermədi. Təəssüf ki, Ermənistan bu təzyiqləri görmədiyi üçün bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirdi. Uzun illər ərzində münaqişənin dondurulması istiqamətində addımlar atıldı. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdi. Əgər əvvəlki illərdə erməni rəhbərlər danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində İrəvan faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı xalqımıza qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi.

Öz işğalçılıq siyasəti ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq qanun və normaları pozaraq unudulmaz cinayətlər törədib. Ermənilərin təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi oldu. Əlbəttə ki, bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi ki, Vətən müharibəsində bu təxribatlara ikiqat cavab verilmiş oldu...

Ümumiyyətlə bu bir faktdır ki, uzun illər ərzində müxtəlif addımlarla Ermənistan bizi təxribatlara çəkib və bizdən sərt reaksiya gözləyib ki, daha sonra günahı bizim üstümüzə atsın. Azərbaycan isə təxribatlara uymurdu. Azərbaycan rəhbərliyi, xalqı özünü səbirli, təmkinli, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardı və belə olan halda Ermənistan bütün hədləri aşaraq keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Məlum Tovuz hadisələri yaşandı ki, həmin zaman da Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşmüşdü.

Bütün bunlara baxmayaraq beynəlxalq təşkilatların çoxu işğalçıya yenə də təzyiqlər etmirdilər. Ümumiyyətlə rəsmi İrəvanın ötən il ərzində yürütdüyü siyasət münaqişəni beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həll olunmasını mümkünsüz etmişdi. Düzdür, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdi ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilsə də icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri də Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Yəni həqiqətən də münaqişədə haqlı tərəf daim Azərbaycan göstərilirdi və ərazi bütövlüyü məsələsi isə daim önə çəkilib. Görünür bu səbəbdən idi ki, Vətən müharibəsi başlayan zaman da heç bir beynəlxalq təşkilat bu haqq davamıza əngəl olmaq üçün bir bəhanə də tapa bilmədi.

Bütün türk xalqlarının tarixinə düşmüş Qələbə

Azərbaycan xalqı 2020-ci ildə tarixi ədaləti bərpa edən xalq kimi tarixə düşdü. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi ki, bununla da ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməyi bacardı. Bu müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanından azad edilib. Bizim tarixi şəhərimiz Şuşa isə noyabrın 8-də işğalçılardan azad edildi ki, bundan sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Təbii ki, bu münaqişənin həllində Türkiyənin də böyük rolu oldu. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Bunu bütün dünya gördü nəinki xalqımız ola. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Prezident də dəfələrlə öz çıxışlarında qeyd edib ki, bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, həmçinin imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.

Artıq Qarabağ münaqişəsi adlı bir münaqişə yoxdur, ötən il erməni ordusu tarixi və əzəli torpaqlarımızdan qovulubar.

Münaqişə öz hərbi-siyasi həllini tapıb, Azərbaycan isə yeni tarix yazıb! Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat hələ də erməni ordusunun tör-töküntülərinin nəzarəti altında qalmış digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olunmuş sayıldı. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb və hazırda Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi də yoxdur. Azərbaycan öz gücünü bu məsələni həll edə bildi. Tarixi Zəfər əldə etdik və hazırda dağıdılmış ərazilərdə bərpa işlərini başlanılıb.

İndiki halda münaqişənin həlli yalnız Azərbaycan deyil, bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan isə nəqliyyat imkanlarıdır. Bu gün Azərbaycan artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışır. Bu dəhliz Türkiyə ilə Azərbaycanı, Azərbaycanla Naxçıvanı birbaşa əlaqələndirəcək, İran, Rusiya elə Ermənistanın özünün iqtisadi imkanlarını xeyli artıracaq.

Həqiqətən də işğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi həm də türk dünyasının birləşməsi rolunu oynayacaq. Bu barədə bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə çıxışı zamanı xüsusi çıxışı olmuş, türkdilli ölkələrə yeni imkanların açılması barədə öz mesajının vermişdi. Çünki yaxın illərdə Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Orta Asiya Avropa ilə birləşir, yeni nəqliyyat dəhlizi yaranmaqdadır.

Qarabağ torpaqlarında erməni vandalizmi

Azərbaycan əvvəlki illərdə də beynəlxalq təşkilatlara çağırışlar edərək bəyan edirdi ki, ermənilər işğalda saxladıqları tarixi torpaqlarımızda mədəni abidələrə qarşı soyqırımı həyata keçirirlər. Amma təəssüf ki, buna elə də əhəmiyyət verən olmurdu. Bu gün işğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb, şəhərlər, kəndlər, evlər, tarixi abidələrimiz viran qalıb. Təsadüfi deyil ki, Ağdam kimi möhtəşəm bir rayonu xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Ölkə başçısı dəfələrlə deyib ki, Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları belə məhv ediblər, loru dildə desək şumlayıblar! Onlar məqsədli şəkildə qəbirləri dağıdıblar. İslam aləmi üçün də vacib dəyərli dini məkanlar olan 60-dan çox qədim məscidi dağıtdılar və bir qədər də uzağa gedərək yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxladılar... Bütün bunların adı isə erməni vandalizmi idi!

Ermənilərin postmüharibə dövründə də hərbi cinayətləri davam edir. Belə ki, onlar əllərində olan minalanmış sahələrin xəritələrini təqdim etməməklə daha çox insan itkisinə nail olmağa çalışırlar. Bu barədə ölkə başçısı da Türkdilli Ölkələrin Zirvə görüşündəki çıxışı zamanı da xüusi olaraq vurğulamışdı ki, minaların xəritəsi Azərbaycana bu günə qədər təqdim edilməyib və müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs, hərbçi minaya düşərək həlak olub və yaralanıb. “Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir”-, deyən ölkə başçısı bu səbəbdən də minalardan təmizləmə işinin daha çox vaxt aparacağını qeyd etmişdi. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara da bilmərik.

Fatimə Qasımov

Xəzər rayon Gənclər və İdman İdarəsinin könüllüsü