• 7 Dekabr 2024
logo
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat, rabitə və yüksək texnologiyaların tətbiqi məsələlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və rabitə infrastrukturunun qurulması, müasir çağırışlarla uzlaşan yüksək texnologiyaların tətbiqi, o cümlədən həmin ərazilərdə nəqliyyatın bütün növlərindən rahat və təhlükəsiz istifadə olunması, tranzit nəqliyyat əlaqələrinin bərpası və bu sahədə regional əməkdaşlığın genişləndirilməsi, magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında telefon, internet, radio-televiziya yayımı, poçt xidmətlərinin göstərilməsi, respublikamızın efir təhlükəsizliyinin təmin edilməsi, həmçinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi məsələlərinin təmin edilməsi üzərində işləyir.

İşçi Qurun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müfəssəl Sahəvi Plana daxil olan tədbirlərin icrası, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının layihələndirilməsi və tikintisi, rayonlararası magistral kabel xətlərinin çəkilməsi və rabitə şəbəkələrinin qurulması üzrə görülən işlər barədə aidiyyəti qurumların məlumatları dinlənib, aparılan işlər müzakirə edilib, mövcud çətinliklər və problemlər də qeyd edilməklə, görüləcək işlər üçün istiqamətlər müəyyənləşdirilib, prioritet layihələrin hazırlanması və icrasının nəzarətdə saxlanması qərara alınıb. Həmçinin işğaldan azad olunan ərazilərə qayıdış və məskunlaşma tədbirləri çərçivəsində işlərin qarşılıqlı əlaqəli təşkili, təkrarçılığa yol verilməməsi, dövlət vəsaitlərinə qənaət edilməsi və istehlakçı məmnuniyyəti prinsipləri nəzərə alınmaqla xidmətlərin vahid mərkəzdən göstərilməsi məqsədilə dövlət qurumları və xidmət təşkilatlarının optimal yerləşdirilməsi məsələsi müzakirə edilib.

İclasda, eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi müzakirə edilərək, sənədlə bağlı rəy və təkliflər müəyyənləşdirilib.

İşğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.