• 7 Dekabr 2021
logo
Kreml: Tbilisidə Rusiya vətəndaşlarına qarşı aqressiv fəaliyyəti şiddətlə qınayırıq

Kreml: Tbilisidə Rusiya vətəndaşlarına qarşı aqressiv fəaliyyəti şiddətlə qınayırıq

Rusiyalılar aydın şəkildə anlamalıdırlar ki, Gürcüstana səyahət onlar üçün təhlükəsiz deyil.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov telejurnalist Vladimir Poznerin ötən gün Tbilisiyə səfəri zamanı baş verən insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Moskva ekstremist millətçilərin Tbilisidə Rusiya vətəndaşlarına qarşı aqressiv fəaliyyətini şiddətlə qınayır.

Peskov əlavə edib ki, rəsmi Moskva Gürcüstan Baş nazirinin baş verən insidenti qınaması ilə bağlı bəyanatını görüb və bu bəyanatı alqışlayır.

Qeyd edək ki, Vladimir Pozner ötən gün 50 nəfərədək rusiyalı qonağı ilə birlikdə doğum gününü qeyd etmək məqsədi ilə Tbilisiyə səfər edib. Onun səfəri ictimai fəalların və müxalif partiyaların etirazı ilə qarşılanıb. Ötən gecə qaldığı hotelin ətrafına toplanan etirazçılar hotelin elektrik enerjisi təminatını kəsib. Polis isə Vladimir Pozner də daxil olmaqla ad günü məclisində iştirak etdiyi bildirilən 32 nəfəri, həmçinin hoteli karantin qaydalarını pozmalarına görə cərimə edib. İnsident səbəbi ilə V. Pozner və qonaqları aprelin 3-də qayıtmağı planlaşdırsalar da, bu gün səhər Tbilisini tərk ediblər.