• 27 Aprel 2024
logo
101 ilin tonqalı

101 ilin tonqalı

101 ilin tonqalı

Şuşada sonuncu dəfə nə zaman bayram tonqalı qalanmışdı, görəsən? Xatırlamıram. İşğala qədər də dərdimiz-sərimiz başımızdan aşırdı... Qarabağda, Şuşada, Topxana meşəsində, Xankədidə bir zaman qucaq açdığımız xəyanətkar tayfanın qaladığı separatizm “ocağı” bütün ölkəni bürümüşdü. Dörd bir yandan üzərimizə haqsızlıq, şər, böhtan şütüyürdü. Haqlı ola-ola haqsız duruma düşmüşdük. 1990-ci ildə qanlı yanvar bayramımızı qara gətirdi... 1992-ci ildə Xocalı soyqırımı... Və sonra Şuşa qəsb edildi. Azərbaycanın alınmaz qalası özbaşınalığın, məsuliyyətsizliyin və qurd basan köpəklərə arxa olanların arxasını öpən çaqqalların xəyanətinin qurbanı oldu. Şuşanın işğalı ilə müqavimətimiz qırıldı, məğlubiyyətə tərk edildik...

Prezidentin Şuşada, Cıdır düzündə bayram tonqalı qaladığı və Azərbaycan xalqına, bügünkü və gələcək nəsillərə müraciət etdiyi vaxtdan 2 gün keçir. 2 gündür martın 22-nin gəlməsini gözləyirəm. Gözləyirəm ki, 101 il öncə baş verənləri xatırladam:

Ermənilərin Azərbaycan tarixində ən amansız və ən xəyənatkar silahlı qiyamlarından biri 1920-ci ildə, martın 22-də, Novruz bayramında baş verib. Bu separatçı qiyam ilk respublikamızın mövcudluğuna son qoymağa hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı... Böyük Cəfər Cabbarlının tarixi deyimini xatırlamalı olsaq, “atan kazaklar idi”, silah tutan əl isə ermənilərin... 101 il öncə ermənilər ilk dəfə Şuşada bayramımızı qara gətirdilər. Əsgəran qalası ələ keçirildi, ölkənin hərbi potensialının Qarabağa, Şuşaya yönləndirilməsi şimal sərhədlərimizi zəiflətdi, işğalçı qüvvələrin, sadəcə rəngini dəyişmiş şər imperiyasının yolunu açdı...

Son 3 ildə yaşadıqlarımızın ardıcıllığına diqqət yetirəndə tarixi ədalətin bərpası prosesinin içərisindən sirli, mistik bir cığırın keçdiyi fikirlərini bir kənara atmaq olmur.

Azərbaycan Ordusunun, Bakının işğaldan azad edilməsinin100 illikləri ilə bağlı keçirilən paradlar və Zəfər paradı... Maraqlıdır ki, Şuşa bu müqəddəs şəhərdə ermənilərin başlatdığı ilk separatçı hərəkatın 100-cü ildönümündən bir neçə ay sonra işğaldan azad edildi. Həm də misli görünməyən bir qəhrəmanlıqla...

Bu baxımdan, Prezident İlham Əliyevin Şuşada qaladığı tonqalın 101 yaşı vardı. Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi 101 il öncə separatçı və işğalçıların söndürdüyü Bayram tonqalını yenidən alovlandırdı və milli birliyimizin, bütövlüyümüzün bizi daha böyük hədəflərə doğru aparacağının mesajını verdi.

Ocağımız daim gur yansın!

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli