• 21 İyul 2019
logo
add image
Baş katib: Nümayəndə heyətinin QDİƏT iclasını tərk etməsi Gürcüstandakı gözlənilməz hadisələrlə bağlıdır

Baş katib: Nümayəndə heyətinin QDİƏT iclasını tərk etməsi Gürcüstandakı gözlənilməz hadisələrlə bağlıdır

Gürcüstan parlamentinin sədri gözlənilməz hadisələrlə əlaqədar dünən ölkəsinə qayıdıb.
Trend-in məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin dünən Bakıdan Tbilisiyə qayıtmasına münasibət bildirərkən deyib.
Gürcüstanın spikerinin Azərbaycanda rəsmi səfərdə olduğunu qeyd edən baş katib bildirib ki, hətta rəsmi səfər dayandırılıb.
A.Hacıyev vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti dünən QDİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasının açılışında iştirak edirdi: “Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmədi. Bir neçə sənəd yekdilliklə qəbul edildi. Bir ölkənin olmaması buna təsir etmir”.
Qeyd edək ki, ötən gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası başlayıb. İclasın gündəliyinə QDİƏT-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir. İclasda təşkilata üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak ediblər.