• 15 Aprel 2021
logo
Birgəyaşayış xalqların inkişafının və sülhün təminatıdır

Birgəyaşayış xalqların inkişafının və sülhün təminatıdır

Bu gün Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunə göstərilir. Bütövlükdə isə, Azərbaycanda tarix boyu ən müxtəlif dini konfessiyaların, məzhəblərin, etnik qrupların nümayəndələri birgə və yanaşı yaşamış, vahid Vətən prinsipindən çıxış etmiş, zamanın sınaqlarından birlik və həmrəylik nümayiş etdirərək çıxmışlar. Azərbaycan xalqına və ölkəmizdə yaşayan bütün din və məzhəblərin, etnik qrupların nümayəndələrinə xas olan bu yüksək mənəvi keyfiyyətlə bağlı dövlətimizin başçısı hər zaman fəxrlə söz açaraq, Vətənimizdəki çoxmədəniyyətliliyin ən böyük dəyərlərimizdən bir olduğunu bildirib.

Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında media təmsilçilərinin suallarını cavablandıran cənab Prezident bir daha xalqımıza məxsus yüksək bəşəri dəyərlərdən söz açdı və bəyan etdi ki, Azərbaycan daim sülhün, əminamanlığın, dinc birgəyaşayışın tərəfdarı olub. Bu gün bizim bütün qonşularımızla normal münasibətlərimiz mövcuddur. Əlbəttə ki mövcud problemlə əlaqədar olaraq Ermənistan istisna olunmaqla. Lakin bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi var. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmayıb.

Ölkəmizdə yaşayan bütü millətlər bərabər hüquqlara malikdirlər və bu münasibətlər mehribanlıq şəraitində də davam edir. Azərbaycanlılar kimi digər millətlər də Azərbaycanı öz vətənləri hesab edir, onun sosial-iqtisadi inkişafında yaxından iştirak edir, yeri gələndə doğma torpaqlarının qorunmasında canlarını belə qurban verməyə hazır olduqlarını nümayiş etdirirlər. Bunun nümunəsi sonuncu dəfə 44 günlük Vətən müharibəsində qabarıq şəkildə nəzərə çarpdı. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları var. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

Regionların inkişafında davamlı sülh əsas amildir. Bizim regionda da bunun tam təmin edilməsi üçün əlbəttə bütün münaqişələrə son qoyulmalıdır. Bu əsas prioriteti vurğulayan cənab İlham Əliyev bir daha bildirdi ki, davamlı sülhə nail olmaq Azərbaycan üçün başlıca vəzifədir. Düşmənçilik səhifəsi qapanmalıdır. Noyabrda imzalanmış bəyanat da bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik regionda sülh təmin olunmasına tam imkan yaradacaq.

Qeyd edək ki, ölkəmiz Ermənistan istisna olmaqla bütün region ölkələri ilə sıx əməkdaşlıq şəraitində yaşayır. Bu münasibətlər Ermənistanla da qurulmalıdır. Bu nöqteyi-nəzərdən də məqsədimiz üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

Dayanaqlı inkişafın əsasında birgəyaşayış prinsipi dayanır. Normal münasibətlər və qarşılıqlı əməkdaşlıq hər bir ölkənin dayanaqlı inkişafını təmin edir. Bunun üçün də əsas vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.

Bir sözlə, sülh şəraitində yaşamaq bütün xalqları, bütün millətlərin hüququdur. Bunun üçün isə tərəflərin hamısı normalara riayət etməli, işğalçılıq iddialarından əl çəkməlidir.

Hər bir atılan addım gələcəyə xidmət etməlidir. Bunun üçün də inteqrasiya labüddür. Suallara cavab verərkən cənab İlham Əliyev bu prinsipləri əsas gətirərək bildirdi ki, “Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir”.

Ona görə də Qarabağda yaşayan erməni xalqının başqa yolu yoxdur. Firavan və sülh şəraitində yaşaması üçün Azərbaycan vətəndaşı kimi bu prinsipləri qəbul etməli, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Ermənistan isə revanşçı siyasətindən əl çəkməli, mehriban qonşuluq münasibətlərini seçməlidir. Əks halda dəmir yumruq hazır vəziyyətdədir.

Fikrət Nəbiyev

Turizim və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru