• 20 Aprel 2024
logo
Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək

Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 26-da xarici və yerli Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə baş tutmiu mətbuat konfransında cavablandırdığı suallar və verdiyi təhlillər yenə dünya ictimaiyyətinin və mətbuatının gündəminə çevrildi. 44 günlük Vətən Müharibəsindən sonra ərazilərin minalardan təmizlənməsi və tez bir zamanda bərpa-quruculuq işlərinə başlanması bu gün dövlətin qarşısında duran ən əsas vəzifələrdəndir. Və bu iş əvvəldən də cənab Prezidentin dediyi kimi planlı şəkildə həyata keçirilir.

İlk növbədə işğaldan azad olunmuş bölgələrdə yol infrastrukturunun bərpası və yeni yolların çəkilməsi. Belə ki, Fizuli rayonunda bu yaxınlarda ölkə başçısı tərəfindən təməl qoyulan yeni aeroportun tikintisi sürətlə gedir. Paralel olaraq Şuşa şəhərinə iki avtomobil yolu salınır, hansı ki, birinin adını cənab Prezident “Qələbə yolu” adlandırmışdır. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək ki, bu da xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa rahat gəlmək imkanına malik olacaqlar;

Mətbuat konfransında cənab Prezident bildirmişdir ki, şəhərlərin baş planları tərtib edilməlidir. Çünki bu ərazilərdə artıq əhali sayı çoxalıb. Ağdam şəhərinin əhalisi müharibədən təqribən 40 minə yaxınidi. İndi burada əhalinin sayı artıb, 50 mindən çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib;

Bu bərpa-quruculuq işlərinə dost ölkələr də cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə bütün dostları üçün kifayət qədər iş var.

Əlbəttə, bu işlər yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək.

Böyük Qələbənin bir müsbət tərəfi də o oldu ki, Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrildi. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq.

Suallara cavab verərkən dövlət başçısı onu da bildirdi ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları inşa edilməlidir.

Qarabağın böyük turizim potensialına malik olması hər kəsə məlumdur. Eləcə də ərazidə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacağı nəzərdə tutulur. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib.

Qarabağın həmçinin böyük kənd təsərrüfatı potensialı mövcuddur. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bu sözləri deyərkən İlham Əliyev həmçinin diqqəti alternativ enerji istehsalının inkişafına çəkir: Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb.

Çox güclü küləklər olduğu Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

Cənab Prezidentin dediklərindən bir daha aydın oldu ki, tez bir zamanda Qarabağ regionun ən inkişaf etmiş ərazilərindən birinə çevriləcək burada müasir infrastruktur inşa olunacaq. Fizuli aeroportunun tikintisi ilə əlaqədar ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.

Ümumiyyətlə bərpa işləri sistemli və planlı şəkildə həyata keçiriləcək. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib işləri gedir. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər;

“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar.

Əlbəttə ki, bərpa edilmiş bu işlərin qorunması, təhlükəsizliyi təmin etməlidir. Ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytardıq. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır;

Ərazilərin bərpa olunması üçün ilkin olaraq dövlət tərəfindən 2,2 milyard manat investisiya ayrılmışdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.

Bütün bunlar əlbəttə, tez bir zamanda Qarabağın yenidən Azərbaycanımızın dilbər guşəsinə çevrilməsini və insanlarımızın şad, firavan yaşamasını təmin edəcəkdir. Çünki ölkənin dəmir iradəli, dərin təfəkkürlü bir dövlət başçısı vardır.

Rəfail Mehdiyev

Xətai rayon 64 nömrəli tam orta məktəbin direktoru