• 15 Avqust 2022
logo
Qarabağ Azərbaycanın çoxşaxəli iqtisadi potensialı olan regionudur

Qarabağ Azərbaycanın çoxşaxəli iqtisadi potensialı olan regionudur

Regionda yeni reallıqlar yaradan Azərbaycan artıq postmüharibə dövründə bütün gücünü quruculuq bərpa işlərinə cəlb edib.
Təbii ki, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızın, erməni vandalları tərəfindən dağıdılmış ərazilərin uğurlu şəkildə bərpa olunması və Böyük Qayıdış planının öz axarı ilə getməsi qürurvericidir.
Bu gün Azərbaycan dövləti öz çiyninə ağır, amma şərəfli bir yükü götürüb, özü ilə bərabər bütün regionun inkişafını təmin edəcək yeni beynəlxalq layihələri reallaşdırır. Bu mənada bölgədə yeni beynəlxalq nəqliyyat dəhlizlərini yaratmağı təklif edən rəsmi Bakıya dəstək olan region ölkələri də gələcək əməkdaşlıqların perspektivlər vəd etdiyini anlayırlar.
Çünki işğaldan azad edilmiş ərazilərin bərpa olunmasından sonra bölgədə yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələri hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr isə ümumən regionun geosiyasi statusunu dəyişdirəcək.
Artıq azad olunan torpaqlarda yeni yolların inşasına da başlanıb ki, bu da bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Məlum olduğu kimi işğaldan azad olunan ərazilərdə bizim üçün xüsusi əhəmiyyətə malik Şuşa şəhərinə iki avtomobil yolu da inşa edilir. Maraqlıdır ki, həmin yollardan birinin adı “Qələbə yolu” adlanır. Nisbətən aran ərazidən keçən digər yol da bölgədə yeni inşa olunacaq aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Beləcə yaxın gələcəkdə xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları rahat şəkildə Qarabağa gəlmək imkanına malik olacaqlar.
Ölkə başçısının da tez-tez vurğuladığı kimi işğaldan azad etdiyimiz Qarabağ əraziləri böyük perspektivlər vəd edir və burada böyük iqtisadi layihələr uğurla icra olunacaq. Təbii ki, bunun üçün şəhərlərin baş planları tərtib edilməlidir ki, bu istiqamətdə də artıq müəyyən işlərə başlanılıb. “Qafqazın Hirosiması” adı alan və tamamilə dağıdılan Ağdam şəhərində müharibədən əvvəl təqribən 40 minə yaxın insan yaşayıb. İndi əhalinin sayı artıb, bu rəqəm 50 mindən çoxdur. Odur ki, hazırda 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, buna uyğun infrastruktur yaradılmalıdır. Prezident İlham Əliyev də çıxışlarının birində məhz bu mövzuya toxunan zaman artıq şəhərlərin bərpası, yenidən qurulması istiqamətində bu kimi yeni tələblərin, reallıqların ortaya çıxdığını xüsusi olaraq vurğulamışdı. Yəni yeni tələblərə uyğun planlaşdırmalar, infrastruktur yaradıldıqdan sonra yaşayış binalarının inşası başlanmalıdır, o cümlədən də məktəblər, xəstəxanalar və s. bu kimi sosial obyektlər qurulmalıdır. Təbii ki, bütün bunlar uzun bir zaman tələb edir. Ölkə başçısı fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi tarixi mətbuat konfransında mövzudan söz açarkən boşuna vurğulamadı ki, Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var, bütün güclər də səfərbər edilib. Əsas isə zaman amilidir.
Bu gün işlərin surətlə getməsi, quruculuq işlərində maraqlı olan əcnəbi şirkətlərin artması bərpa proseslərinin uzun çəkməyəcəyindən xəbər verir. Təbii ki, qarşıdakı aylarda və illərdə yalnız dost, tərəfdaş ölkələr deyil, ölkəmizə maraq göstərən dövlətlər də bərpa işlərinə cəlb oluna bilərlər. Amma daha çox dost ölkələrdən olan şirkətlərin bərpa işlərinə cəlb olunacağı şübhə doğurmur. Açıqlanan məlumatlardan belə qənaətə gəlmək olar ki, şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. Görüləcək işlərin həcmi əlbəttə ki, çox böyükdür, 10 min kvadratkilometrdən çox ərazinin azad edilməsinin özü elə qarşıdakı illərdə bizi xeyli abadlıq-quruculuq işlərinin gözləməsindən xəbər verir. Buna görə də bölgədə Azərbaycanın bütün dostları üçün kifayət qədər işlər var...

Yuxarıda da qeyd etdiyimiz kimi Böyük Qələbə sayəsində Azərbaycan artıq dünyada daha cəlbedici investisiya ölkəsinə çevrilib. Bundan sonra əcnəbi investorlar Azərbaycana fəal şəkildə sərmayə qoymağa çalışacaqlar ki, bu da iqtisadi imkanlarımızı birə-beş artması deməkdir. Nəinki investorlar, ümumilikdə hər kəs başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktiki olaraq, sıfıra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacağı bəllidir. Çünki Azərbaycan sülh carçısı olub, dünən də, bu gün də, gələcəkdə də regionda sabitliyin bərqərar olmasına çalışıb və çalışacaq da. Bu mənada investorlar, biznes dairələri üçün ölkəmiz indi daha etibarlı və cəlbedici bir məkana çevrilib.
O da bəllidir ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Bu mənada təbii ki, həmin ərazilərdə icra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Artıq elan edildiyi kimi regionda üç hava limanı inşa edilir, 100 kilometrlərlə dəmir yolu çəkiləcək, bəlkə də minlərlə kilometr uzunluğu olacaq avtomobil yolları inşa ediləcək. Həm şəhərlərarası, həm də kəndlərarası yollar ən yüksək səviyyədə qurulacaq. Qısası, Azərbaycan bölgəni yenidən cənnətə çevirəcək.

Çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələrin icra olunacağı artıq dəqiqləşib. Bu da təqdir olunası haldır ki, aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır.
Qarabağda quruculuq işlərindən danışırıqsa, bu ərazilərin böyük kənd təsərrüfatı potensialını da xatırlatmaq yerinə düşərdi. İşğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Azərbaycan hökuməti artıq bu istiqamətdə müvafiq işlərin görülməsinə başlayıb və 7 min hektardan çox ərazidə payızlıq buğdanın əkilməsi ilkin addım sayıla bilər.
Bundan başqa Qarabağ torpaqlarının alternativ enerji mənbəyinə çevriləcəyi də dəqiqləşib. Həmçinin bu ərazilər “yaşıl enerji” zonasına kimi də qurulacaq. Məhz azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək. Çünki bu ərazilərdə çox güclü küləklər olur. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları qurulacaq. Bu torpaqlarda günəş şüalarının il ərzində miqdarı çox böyükdür və günəş şüalarının keyfiyyəti də buna imkan verir.

Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacağı da təqdir edilməlidir. Məsələn, “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihənin həyata keçiriləcəyi dəqiqləşib. Cari ilin sonuna qədər layihə tam başa çatacaq. Burada təqribən 1000-ə yaxın insan yerləşəcək, lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar öz dədə-baba torpaqlarına rahat şəkildə qayıdacaqlar.
Sonda qeyd edim ki, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunur və dövlətin bu istiqamətdə 2,2 milyard manat investisiya ayırması bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir ki, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.
Ümumilikdə isə ölkənin var gücü ilə uzun illər həsrətində olduğumuz və qovuşaraq əsl sahibinə qaytardığımız Qarabağımızı cənnətə çevirməsi ürək açan mənzərədir. Müharibə dövründə olduğu kimi indi də xalq-dövlət birliyi, vətəndaşlarımızın yumruq kimi birləşərək quruculuq işlərində iştirakı təqdir olunmalıdır. Azərbaycanı, Qarabağı bundan sonra daha da işıqlı bir gələcək gözləyir!
Nəzrin Abdullayeva
İctimai fəal