• 24 Aprel 2024
logo
Özbəkistan səfiri azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrə qarşı terroru qınayıb

Özbəkistan səfiri azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrə qarşı terroru qınayıb

Bu gün Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, B. Aşrafxanov Azərbaycanda müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu deyib.

Səfir Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Ağdam və işğaldan azad edilmiş digər rayonlara təşkil etdiyi səfərlərdən danışaraq diqqətə çatdırıb ki, o, həmin səfərlər zamanı Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə ermənilər tərəfindən tarixi abidələrə qarşı törədilmiş terroru, mədəni abidələrin dağıdılmasını şiddətlə qınayıb.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələr arasında əlaqələrin inkişafından məmnunluq bildirilib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.