• 28 Mart 2024
logo
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı

Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı

Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası İşçi Qrupun rəhbəri Könül Nurullayevanın Xorvatiya mətbuatında “Qarabağda 30 illik işğalın dərin izləri” başlıqlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, ötən il 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi. Bu gün dünya 28 ildir işğal altında olan Qarabağın dəhşətli görüntüsü ilə tanış olur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycandakı səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların baş nümayəndələri və xarici jurnalistlərin azad edilmiş ərazilərə mütəmadi səfərləri təşkil olunur. Belə səfərlərdən biri bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına təşkil olundu. Diplomatlar 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin, cinayət izlərinin əyani şəkildə şahidi oldular”.

Müəllif Xorvatiyanın Azərbaycandakı səfiri cənab Branko Zebiçin dağıdılmış Cəbrayıl şəhərindəki mənzərə ilə bağlı təəsüratlarını xatırladıb: “Cənab Zebiç bu dəhşətli səhnənin 30 il əvvəl Xorvatiyadakı mənzərə ilə oxşarlıq təşkil etdiyini vurğulayıb”. Səfir digər diplomatik nümayəndəliklərin təmsilçiləri ilə birlikdə bölgədə sülh, əməkdaşlıq və inkişaf üzərində davamlı iş aparmağın vacibliyini qeyd edib. Vaxtı ilə on minlərlə insanın yaşadığı, çiçəklənən ərazilər olan Qarabağ şəhərləri, infrastrukturunun kütləvi şəkildə məhv olması səbəbindən bu gün ruhlar şəhərinə çevrilib. Təsadüfi deyil ki, azad olunduqdan sonra səfər zamanı xarici jurnalistlər tamamilə dağıdılmış Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. Eyni sözlər digər şəhərlərə də aid edilə bilər. Ağdam kimi Zəngilan, Cəbrayıl və Qubadlı da tamamilə dağıdılıb”.

K.Nurullayeva həmçinin qeyd edib ki, bütün dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib. Əsas məqsəd Azərbaycanın mədəni irsinin izlərini məhv etmək, azərbaycanlıların bu ərazilərə qayıtmalarına imkan verməmək olub.

Məqalədə Qarabağın tarixi Azərbaycan torpağı olması konkret faktlarla əsaslandırılıb: “Qarabağ tarixən azərbaycanlılara məxsus olub. 200 il əvvəl Qarabağda ümumiyyətlə, ermənilər olmayıb. Qarabağ xanının Rus imperiyası ilə 1805-ci il mayın 14-də imzaladığı Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Coğrafi ərazinin adı da Azərbaycan sözüdür – “Qara” (qara həm rəng, həm də qədim türk mənbələrində böyük mənasını verir) və “bağ” sözlərinin birləşməsindən yaranıb. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilib”.

Qarabağda ermənilərin törətdiyi mədəni terrora da toxunan K.Nurullayeva yazır ki, burada bütün məscidlər dağıdılıb, 128 qədim alban kilsəsi isə saxtalaşdırılıb: “Təəssüf ki, bir neçə beynəlxalq təşkilatın araşdırma missiyası zamanı verilən hesabatlar bu həqiqətləri tam əhatə etməyib. Azərbaycan isə tolerantlıq nümunəsi göstərərək dini ayinləri yerinə yetirmək üçün Alban-udi icmasının nümayəndələrinin azad edilmiş ərazilərə səfərlərini təşkil etdi. 28 il sonra Alban-Udi icması Kəlbəcər və Laçındakı tarixi ibadətgahlarında yenidən dua edə bildilər”.

Məqalədə, həmçinin vurğulanır ki, azad olunmuş ərazilərdə qeydə alınan faktlar dünya mətbuatında da olduğu kimi işıqlandırılmalı, bu ərazilərə səfər edəcək faktaraşdırıcı missiyalar obyektiv hesabatlar hazırlamalıdır.

Məqalə ilə linkə keçid edərək ətraflı tanış ola bilərsiniz:
https://www.zagorje.com/mobile/clanak/vijesti/duboki-tragovi-30-godina-okupacije-u-karabahu