• 26 Aprel 2024
logo
Dağlıq Qarabağ ifadəsini işlətməməliyik

Dağlıq Qarabağ ifadəsini işlətməməliyik

Prezident İlham Əliyev: “Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”

“Bu gün Xocalı soyqırımını 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq idi: “Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması. Eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması - bütün bunlar erməni faşizminin təzahürləridir.

Dövlət başçısı bildirib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır: “10-dan çox ölkə bu hadisəni rəsmən soyqırım kimi qəbul etmişdir, təsdiq etmişdir və bu proses davam etdirilir.

Azərbaycan dövləti və eyni zamanda bizim ölkəmizin ictimai təşkilatlar bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat var. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilib. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırıma məruz qalıb. Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Və təsadüfi deyil ki, Ermənistan rəhbərləri, hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibədə bu suala cavab verərkən qürur hissi ilə qeyd edirdilər ki, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib, ona görə ki, Azərbaycan xalqı görsün ki, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan Ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən, Xocalı qurbanlarının qanını da aldıq. Və bu gün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Halbuki belə meyllər görünməkdədir. Bu gün Azərbaycan bölgədə öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır”.

“Dünya susmuşdu”

Prezident İlham Əliyev dünyanın Xocalı soyqırımına biganə yanaşmasına da münasibət bildirib: “Xocalıda soyqırım törədiləndə dünya susmuşdu”.

Dövlət başçısı deyib ki, yəqin ki, bunun səbəblərindən biri o vaxt məlumat qıtlığı olub: “Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz bir durumda idi. Çünki bizim o vaxt dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxt Azərbaycan bax, indiki Ermənistanı xatırladır. Bacarıqsız hakimiyyət, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması… Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb isə odur ki, dünya bunu görmək istəmirdi. Biz onu sonra anladıq. Bu, müəyyən dərəcədə mövcud olan stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki Birinci Qarabağ müharibəsi başlayanda demək olar ki, əksər ölkələrdə belə təsəvvür var idi ki, Ermənistan haqlı, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu, ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını həll edib, onların müstəqil Ermənistan dövləti var, nə üçün ikinci erməni dövləti tarixi Azərbaycan torpağında yaradılmalıdır? Heç kim buna cavab verə bilmədi. Ona görə də bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə ədalətsizlik tətbiq olunurdu. Baxın, sovetlər birliyi dağılandan sonra ABŞ Konqresi “Azadlığa dəstək” aktı qəbul etmişdi. Bütün keçmiş müttəfiq respublikalara yardım məqsədi ilə bu qanun qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifədədir. Səbəb nə idi? Azərbaycan Ermənistanı blokadaya, yəni mühasirəyə alıb. Necə mühasirəyə almışıq ki, torpaqlarımız işğal altına düşmüşdü? Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu və bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var, “Azadlığa dəstək” aktına 907-ci düzəliş. Deməli, bizə sanksiya tətbiq edirlər, bu qədər ədalətsizlik ola bilərmi? Bizdə isə sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan haqlıdır, nə etsə də, yenə də onlara haqq qazandırırdılar. Hətta baxın, son 1-2 il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi, nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.

Azərbaycan Prezidenti bu gün dünyada Xocalı soyqırımı ilə bağlı geniş məlumatın olduğunu deyib: “Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir”.

Dövlət başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib: “Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır. Gəncə şəhərinə, Tərtər, Bərdə və digər şəhərlərə. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq”.

Azərbaycan Prezidenti bir çox beynəlxalq təşkilatların Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildirdiklərini və bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.

Dövlət başçısı bildirib ki, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi: “O vaxt müasir imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər böyük imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, bu fikirləri təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik. Son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. Dövlət olaraq, qeyd etdiyim kimi ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya Ədalət” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarədir ki, bu qanlı cinayət heç vaxt unudulmasın. Nə Azərbaycanda, nə də dünyada bu, heç vaxt təkrarlanmasın. Heç vaxt Azərbaycan 90-cı illərin əvvəlində olan o aciz duruma düşməsin. Hər zaman Azərbaycan özünü, öz vətəndaşlarını qoruya bilsin”.

“Ermənistan bütövlükdə müstəqillik əlamətlərini itirib”

Prezident öz nitqində Ermənistanda baş verən hadisələrə də münasibət bildirib və bunu Ermənistanın daxili işi kimi qiymətləndirib: “Mən şəhid ailələri ilə görüşdə, o cümlədən Ermənistandakı vəziyyətə də öz çıxışımda toxundum. Ancaq bunu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilib”.

Dövlət başçısı bildirib ki, şəhid ailələri ilə görüşü hardasa 10:30-da baş tutub, Ermənistandakı hadisələrlə bağlı xəbəri ondan sonra öyrənib: “Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilib. Ancaq hadisələr onu göstərir ki, mən tam haqlı idim. Çünki Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Və bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki 20 il ərzində Koçəryan-Sərkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirib. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir.

Çünki Ermənistan nə qədər çox torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də onlar asılı vəziyyətə düşürdülər. Ermənistanı biz ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi”.

Mən bunu heç vaxt gizlətmirdim. Açıq dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə işbirliyi, əməkdaşlıq da ola bilər. Və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlarımıza qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda...”

“Yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar”

Azərbaycan Prezidenti bildirib ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Dövlət başçısı bildirib ki, bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib: “Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. 30 il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir. Siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin. Yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik. Və öz mövqeyimizdən bir addım belə geri atmırdıq. Və bunu açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistan qarşısında indi bir neçə seçim var. Və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər”.

“Laçın və Zəngilanda da aeroport tikəcəyik”

Dövlətimizin başçısı artıq Füzuli aeroportunun tikintisinə başlanıldığını bildirib.

Dövlət başçısı deyib ki, ərazinin operativ şəkildə minadan təmizlənməsinə başlanılıb: “Çünki, ilk növbədə, ərazini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir. Operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək. Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək. Aeroportun tikintisinin nə zaman başa çatacağını söyləmək çətindir, çünki ərazinin minalardan təmizlənməsi məsələsi var. Biz aeroportun bu il istifadəyə verilməsini nəzərdə tutmuşuq. Əgər bütün işlər plan üzrə gedərsə, Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq. Aeroportla bərabər Şuşaya iki avtomobil yolu inşa olunur. Bu yollardan biri “Zəfər yolu” adlanır. Həmin yolla Azərbaycanın xüsusi təyinatlı birləşmələri meşə və dərələrlə Şuşaya hərəkət edib. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər ölkələrin vətəndaşları bu imkandan yararlana biləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, bizim aeroportların tikintisi üzrə planlarımız Füzuli ilə məhdudlaşmır: “Biz, həmçinin, Laçın və Zəngilanda da aeroport tikəcəyik. Təbii bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək. Zəngilan biz gözləyirik ki, çox vacib logistika mərkəzə çevriləcək. Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərindən biri Ermənistan ərazisi vasitəsilə Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutur. Bu dəhliz təbii ki, Türkiyənin Rusiya ilə əlaqəsini də yaradacaq. Buna görə bizim planlarımız böyükdür. Bu il ərzində biz onları həyata keçirəcəyik”.

Dövlət başçısı nəzərə çatdırıb ki, xüsusi investisiya proqramı təsdiqlənib: “Hansı ki, həmin ərazilərin bərpasını nəzərdə tutur. Çox geniş plandır. Biz artıq bağlanmış müqavilələr üzrə ilk ödənişləri də həyata keçirmişik”.

“Biz bütün hərbi əsirləri qaytarmışıq”

Azərbaycan Prezidenti Ermənistanın kapitulyasiyadan sonra sərgilədiyi davranışlara da diqqət çəkib: “Biz zəmanət verə bilmərik ki, digər diversiya qrupları ora daxil olmağa cəhd etməyəcək. Biz həmin ərazilərin təhlükəsizliyini təmin edirik, mütəmadi reydlər keçiririk, ərazilərdə monitorinqlər aparırıq. Həm pilotsuz uçuş aparatları həm də digər vasitəsilə bunu edirik”.

Dövlət başçısı bildirib ki, əsas çətinlik ərazilərin minalardan təmizlənməsidir: “Çünki Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Çünki bizə o ərazilərin, mina sahələrinin xəritələri təqdim edilməyib. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik. Biz Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük. Çünki onlar bir şeyi deyirlər, digər şeyi edirlər. Biz onlara həlak olan hərbçilərinin cəsədlərini vermişik. Ermənistan tərəfinin minlərlə cəsədi sülhməramlılarla birgə işğalda azad olunmuş ərazilərdə tapılıb və Ermənistan tərəfinə verilib. Biz özümüzü mənəviyyat və insaniyyət prinsipləri əsasında aparırıq. Lakin minalanmış ərazilərin xəritələrini verməmək və insanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur. Çünki əməkdaşlıq birtərəfli ola bilməz”.

“Döyüş əməliyyatları dayandırıldıqdan sonra bizdə olan məlumata görə, noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi. Hansı ki, biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, döyüş əməliyyatları bitdikdən sonra biz aşkarladıq ki, erməni silahlı birləşmələri bəzi ərazilərdə qalmaqdadır: “Bizə əvvəl elə məlumat verdilər ki, onlar sadəcə yollarını azıblar, mühasirədən çıxa bilməyiblər. Müəyyən müddət sülhməramlı missiya ilə birgə Azərbaycan hərbçiləri bunların azmış əsgərlər olduğunu düşünərək, onlara kömək etməyə cəhd göstərdilər, onları geri qaytarılması üzrə işlər apardılar. Amma sonra biz aşkarladıq ki, bunlar diversiya qrupudur və orada həm hərbçilərə, həm də dinc əhaliyə, vətəndaşlara hücumlar edirlər. Nəticədə 4 nəfər bizim hərbçilərimiz arasında şəhid oldu və dinc əhali arasında da 1 nəfər həlak oldu. Bu, mobil operatorun nümayəndəsi idi. Hansı ki, Şuşa şəhərinə gedirdi və mühasirəyə düşdü, bir neçə nəfər yaralandı. Təbii ki, biz əks-terror əməliyyatı keçirdik və nəticədə bir neçə terrorçu məhv edildi, 60-dan çox terrorçu bizim tərəfimizdən tutuldu. Və onları indi hərbi əsir adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır. Ermənistan və digər ölkələr tərəfindən istənilən spekulyasiyalar yersizdir”.

“Biz dayanıqlı sülhə nail olmaq istəyirik”

Prezident İlham Əliyev keçmiş köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtmasından da söz açıb və deyib: “Burada bir çətinlik də ondan ibarətdir ki, minalanmış sahələrdən savayı, bütün struktur dağıdılıb, şəhərlər məhv edilib, kəndlər dağıdılıb”.

Dövlət başçısı bildirib ki, qayıtmağa yer yoxdur: “Mən o ərazilərdə dəfələrlə olmuşam. Dəfələrlə səfər etmişəm. Yüzlərlə kilometr qət etmişəm maşında. Gördüyüm odur ki, bir dənə də bina yoxdur. Ağdamda bir dənə də sağ qalan bina mövcud deyil. Cəmi bir məscid qalıb, o da yarı dağıdılmış halda. Ondan da artilleriya atəşinin tuşlanması üçün istifadə olunurdu. Füzulidə bir dənə də salamat bina qalmayıb. Bayrağı sancmaq üçün bir yer tapmaq olmurdu. Cəbrayılda da eyni mənzərədir, eyni vəziyyətdir. Qubadlıda, Zəngilanda ayrı-ayrı bir neçə ev sağ qalıb. Biz indi minalardan təmizləmə işlərini aparırıq. Paralel olaraq dəymiş ziyanın qiymətləndirilməsini aparırıq. Bütün əlimizdə olan imkanlardan yararlanırıq. Dronlarla çəkiliş aparırıq. Bizə lazımdır ki, beynəlxalq strukturlar vasitəsilə əsaslandırılmış iradlarımızı çatdıraq. Bununla paralel olaraq, həmin şəhərlərin və kəndlərin inkişafının master planlarının tərtibatı üzrə işlər aparılır. Və bizim vətəndaşlarımızın o ərazilərə qayıtması üçün bu, əsas məsələlərdir.

Biz, həmçinin, pilot layihələrinə də start vermişik. Artıq bu layihələrdən biri “ağıllı kənd” layihəsio artıq başlayıb. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə maksimum rahat imkanlar və şərait yaradaq. O insanlar ki, illərlə, on illərlə öz evlərindən, ərazilərindən məhrum olublar, onlar layiqdirlər ki, müasir dövrün bütün imkanlarından yararlansınlar və bizdə siyasi iradə də var, maliyyə vəsaitləri də var. Və biz bunu edəcəyik”.

Prezident Azərbaycanın dayanıqlı sülhə nail olmaq istədiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, çünki bu, nifrət dolu kitabın səhifəsini çevirə bilmək üçün yeganə yoldur: “Biz bunu göstərmək üçün noyabrın 10-da imzalanmış bəyanata qayıtmaq istərdim. Hansı ki, müharibəni dayandırdı və Ermənistan tərəfi bizə öz qoşunlarının çıxarılmasının cədvəlini verən kimi biz dərhal əməliyyatları durdurduq. Münaqişənin ilk günündən mən öz müsahibələrimdə dəfələrlə qeyd etmişdim ki, o gün ki, Ermənistan baş naziri özü şəxsən bizə Ermənistan qoşunlarının Füzulidən, Cəbrayıldan və digər rayonlardan çıxarılma tarixini verəcək, biz dayanacağıq. Bunu sülh yolu ilə etmək olarsa, biz istəmirik ki, müharibə davam etsin. 30 il ərzində davam edən münaqişə dövründə bizim istəklərimiz və niyyətlərimiz açıq idi. Çünki biz danışıqlar prosesində idik. Bizim ümidlərimiz var idi. Mən sizə deyim ki, Ermənistan hətta görüntü olaraq belə, danışıqlarda iştirak edirdisə, bizim də ümidimiz qalırdı. Lakin biz Ermənistan hökumətinin bəyanatlarından sonra anladıq ki, onların bizə ərazi qaytarmaq niyyəti yoxdur və onlar keçən ilin iyulunda, sonra sentyabr ayında bir neçə hərbi təxribat həyata keçirdikdə, təbii ki, bizim cavabımız adekvat idi. Digər göstərici isə bizim noyabrın 10-u imzalanmış sənəddə üzərimizə götürdüyümüz öhdəliklərdir. Orada açıq-aydın göstərilib ki, dekabrın 1-nə kimi Laçın və Ağdam rayonları ərazisi işğaldan azad olunacaq və biz dayandıq. Hamı anlayırdı ki, biz davam etsəydik, fəsadlar Ermənistan üçün daha ağır və daha ciddi ola bilərdi. Təbii ki, bizdə də itkilər ola bilərdi. Biz öz məramımızı göstərdik. İndi isə müzakirə etdiyimiz dayanıqlı sülhün və sabitliyin bərqərar olmasıdır. Və buna nail olmağın yeganə yolu əməkdaşlıqdır.

İndi Azərbaycan, Ermənistan və Rusiyada müzakirə etdiyimiz layihələrdən biri logistika sahəsində əlaqələrin açılmasıdır, nəqliyyat dəhlizlərinin yaradılmasıdır və bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır .

Bu layihə həyata keçirilsə, o zaman Ermənistan təbii ki, bundan yararlanacaq. Onlar sülhün üstünlüklərini görəcək. Digər layihə isə Ermənistanda açıq-aydın anlamanın yaranmasıdır ki, istənilən revanşizm cəhdləri ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaq. Heç bir şübhə olmasın ki, biz bu məsələdə tərəddüd etməyəcəyik. Biz hər hansısa bir addımı özümüz üçün substantiv təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Digər tərəfdən revanşizm cəhdləri olmasa, 10 noyabr bəyanatına uyğun olaraq Ermənistan hərəkət etsə, öhdəliklərini yerinə yetirsə, təbii ki, addım-addım sülh bərqərar olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Şərqi Zəngəzurda, Qubadlıda, Zəngilanda sərhədyanı ərazilərdə - hansı ki, işğaldan azad olunub – orda Ermənistan qoşunları yoxdur və orada sülhdür: “Orada bir dənə də insident yaşanmayıb. Yəni ki, Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında bir dənə insident yaşanmayıb”.

Dövlət başçısı bildirib ki, biz dövlətlərarası sərhədi keçmirik: “Bəzi kəndlər hansı ki, onların bəzi hissəsi Azərbaycan ərazisində yerləşir, orada insident yaşanmır. Çünki orada Ermənistan Ordusu yoxdur. Orada sərhəd qoşunları yox idi. Belə alınır ki, Ermənistan Sərhəd Qoşunları mövcud deyil. Nəzərə alsaq ki, Ermənistanın Türkiyə, İranla sərhədi Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunur, biz o ərazilərdə Ermənistanın dinc əhalisinə qarşı heç bir addım atmırıq. Əksinə, bəzi Ermənistan şəhərlərini birləşdirən yol Azərbaycan ərazisindən keçir və onlar bu yoldan yararlana bilirlər. Ondan artığını deyim. Biz həmin yolda “Azərbaycana xoş gəlmişsiniz” yazılı bir lövhə quraşdırmışıq. Mən anlayıram ki, bu, Ermənistanda qıcıq yarada bilir. Ancaq biz onu başqa niyyətlə yerləşdirmişik. Biz istəyirdik ki, onlar Azərbaycana gəlmək istəyirlərsə, onları xoş qarşılayaq. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə problemsiz gələ bilərlər. Təbii ki, biz dayanıqlı sülh istəyiriksə, biz əlavə heç bir nailiyyətlər istəmirik. Biz istəyirik ki, bizə məxsus olan bizə qaytarılsın. Biz göstəririk ki, bizim sözlərimiz və addımlarımız eynidir, bir-birinə uyğundur”.

“Mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq”

“Soydaşlarımızın nə vaxt işğaldan azad edilmiş torpaqlarımıza qayıda biləcəyi ilə bağlı bəlkə də mən hər gün özüm-özümə eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkündürsə, qısa müddət ərzində biz buna nail olaq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı deyib ki, bunun üçün kompleks tədbirlər görülməlidir: “Mən bu haqda artıq demişəm. İndi minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi gerçəkləşməyə başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada 1000-ə yaxın insan yerləşəcək, lazımı infrastruktur inşa ediləcək, əkin sahələri olacaq və insanlar ora qayıda biləcəklər. Belə pilot layihələr çox ola bilər, biz indi onun üzərində işləyirik”.

Böyük şəhərlərə qayıdışa gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, şəhərlərin baş planları tərtib edilməlidir: “Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl Ağdamda haradasa 40 minə yaxın insan yaşayıb. İndi əhali artıq artıb, 50 mindən çox. Biz indi 50 min, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq. Biz bu şəhərin baş planını, infrastrukturunu inşa etməliyik, ondan sonra binalar inşa edilməlidir. O cümədən məktəblər, xəstəxanalar tikilməlidir. Bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm ki, bizim əsas yarışacağımız tərəfmüqabili zamandır. Çünki vəsait də var, bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim ağlımda tarixlər var ki, vaxtından əvvəl insanları həm sevindirməyim, həm də bəzilərini bəlkə də həyəcanlandırmayım. Amma inanın ki, ən qısa müddətdə mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda hazırda bütün azad edilmiş ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı hazırlanır, bu məsələ üzərində də biz fəal çalışırıq”.

“Status haradadır, onu hər kəs bilir”

Prezident İlham Əliyev jurnalistlərin sualına cavab olaraq, status məsələsi ilə bağlı mövqeyini artıq ifadə etdiyini bildirib: “Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb. Bizim qənaətimizə görə, bu, belədir” .

Dövlət başçısı deyib ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi: “Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk Qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Son iki ərzində faktiki olaraq Minsk Qrupunun həmsədrlərinin özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan Baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic və mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə” ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Bu, əslində, Minsk Qrupunun həmsədrlərini də çox çətin vəziyyətə qoydu. Çünki onlar da buna hər hansı reaksiya verməli idilər. Faktiki olaraq, son 2 il ərzində danışıqlar aparılmırdı. Yəni Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış bəyanat bunu təsdiqləyir.

O ki qaldı statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim, bir də ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, bu məsələ nə qədər az dilə gətirilərsə, Ermənistan və erməni xalqı üçün o qədər yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə də status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülüb. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də dəfələrlə demişəm. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilib. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır.

Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir. Mən sizə bir misal gətirim. Biz azad edilmiş kənddə yaşlı iki insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman erməni əsgərləri” onları qoyub qaçmışdılar. Bir qadın idi, bir kişi. Onların yaşı çox idi. Biz onları gətirdik, xəstəxanaya yerləşdirdik və ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz bunları dövlət sərhədində təhvil vermək istəyirik. Həmin insanları biz sərhədə gətirəndə, onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir, bizim də buna baxmaq imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Qəbul etsək, buna kim baxacaq? Bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Nə qədər səy göstərsək də - Qızıl Xaç komitəsi də bunun şahididir, Qızıl Xaç Komitəsinin iştirakı ilə biz bunu edirdik – imtina etdilər ondan. Yaşlı kişi bizdə qaldı. Qızıl Xaç komitəsi bizim köməyimizlə həmin kişini xəstəxanaya yerləşdirdi və bütün səylərə baxmayaraq, bir müddətdən sonra o, rəhmətə getdi. Ona görə də biz bu gün də bəyan edirik, Prezident kimi mən bunu deyirəm bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi var - Həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. İndi məsələn, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və onlar arasında heç bir insident yaşanmır. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil, erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onlar o xəstəlikdən çıxmaq üçün gərək daha böyük səylər göstərilsin”.

“Mərkəz postmüharibə dövrü çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”

Azərbaycan Prezidenti Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə də danışııb və qeyd edib ki, mərkəzlə bağlı məsələ müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapır:.” Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Dövlət başçısı hesab edir ki, Azərbaycan öz vəsaiti hesabına bu Monitorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndinin yaxınlığında yaratdı: “Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarınn iştirakı ilə, onlardan istifadə edərək münaqişə zonasında qarşıdurma olmasın. Əgər olarsa, kim bunu törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, hər hansı bir ciddi qarşıdurma olmayıb. Bu monitorinq mərkəzi postmüharibə dövrü çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.

Dövlət başçısı Türkiyənin müharibənin ilk günlərindən çox müsbət - sülhə, sabitliyə hesablanmış mövqe nümayiş etdirdiyini bildirib: “Eyni zamanda ilk günlərdə Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini verib. Əziz qardaşım, hörmətli Prezident Ərdoğan ilk günlərdən çox qəti açıqlamalar verib. Digər vəzifəli şəxslər - Milli Müdafiə naziri, xarici işlər naziri, TBMM sədri və digər nazirlərin açıqlamaları ilə bizə verilən siyasi və mənəvi dəstək, həm də bizi çox gücləndirdi. Eyni zamanda bir çoxları üçün çox ciddi mesaj oldu”.

Dövlət başçısı qeyd edib ki, müharibədən sonra da Türkiyə çox olumlu mövqe göstərir: “Dünən Türkiyənin çox rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında Baş nazir müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə məlumdur. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün bütün dünyada güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.

“Gələcəyə baxmalıyıq”

Prezident müharibədən sonra regiondakı vəziyyəti çox yüksək qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün unikal imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm ki, biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb”.

Dövlət başçısı qeyd edib ki, biz artıq kitabın o səhifəsini bağlamalıyıq və gələcəyə baxmalıyıq: “Nikbinliyə digər səbəb olan amil odur ki, bizim qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələ ilə bağlı mənim bir çox söhbətlərim olub. Xarici işlər nazirləri, Baş nazirlər və Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkanlardan maksimim səmərə ilə istifadə etməliyik. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır: əməkdaşlıq üçün, qarşılıqlı ticarət üçün, komnukasiyaların açılması üçün, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal imkanlar yaradır. Təkcə Zəngəzur dəhlizinə əgər biz fikir versək, görərik ki, bu, təkcə Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan maraqlarına cavab vermir, bu, qonşu ölkələrin də maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyllər üstünlük təşkil edərsə, əlbəttə ki, hər bir icra edilən layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizə istinad edə bilərəm. Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələt icra edəcəyik. Birinci neft kəməri Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri görün nəyə gətirib çıxadı? Ondan sonra neçə layihə icra edildi. Həm sərmayə qoyuluşu, yeni kəşfiyyatlar. Eyni zamanda Cənub Qaz Dəhlizi. Artıq bu layihənin icrası ilə bağlı olan məsələlərdə 7 ölkə birləşdi və bu özlüyündə yeni əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı bir gizli məqamlar, fikirlər olmasın. Səmimiyyət olsa, qarşılıqlı inam olsa və maraqların bölgüsü olsa, bütün ölkələrin maraqları təmin edildiyi təqdirdə, bu vəziyyətdən biz maksimum səmərə ilə istifadə edə bilərik. Bir də demək istəyirəm ki, Azərbaycan, Türkiyə, İran, mənim bu ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistan sözdə hələ ki, bu mövqedədir. Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, onlar qəbuledilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərir ki, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir qəpik də mənfəət görməyəcək. İndi də əgər belə fikirləşirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər”.

Prezident İlham Əliyev deyib: “Biz hədəfə çatdıq. Bizim hədəfimiz torpaq bütövlüyümüzün bərpa edilməsi idi. Buna nail olduq və hərbi qələbə qazandıq. Bu torpaqları danışıqlar yolu ilə yox, hərbi yolla döyüşərək, qan tökərək, şəhidlər verərək azad etdik və ədaləti bərpa etdik”.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin qanını, düşməndən intiqamımızı döyüş meydanında aldıq: “Xarici əsgərlərin Azərbaycanda fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər və hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti 5 il müddətinə nəzərdə tutulur. Əgər 5 ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son qoyulacaq. Eyni zamanda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə keçməsi də çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli faktordur.

Bəzən dünyada eləcə də Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.