• 19 Aprel 2021
logo
İtaliyada Xocalı soyqırımına dair konfrans və konsert-rekviyem keçirilib

İtaliyada Xocalı soyqırımına dair konfrans və konsert-rekviyem keçirilib

Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar videoformatda "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, konfransda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Stefano Luçidi, İtaliyanın tanınmış tarixçi alimi, professor Franko Kardini, Venesiya Ka Foskari Universitetində müasir Azərbaycan tarixi üzrə tədqiqatçı, professor Karlo Frappi və “Sandro Teti Nəşriyyat Evi”nin rəhbəri, naşir, politoloq Sandro Teti iştirak ediblər.

Konfransın əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Məmməd Əhmədzadə Xocalı soyqırımı, onun ağır nəticələri barədə danışıb.

Diplomat qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülh, dialoq və əməkdaşlıq imkanlarına yol açır. Lakin mülki əhaliyə qarşı cinayət törədənlərin hələ də cəzasız qalması Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın əldə olunması prosesinə mane olmaqda davam edir. Buna görə də münaqişə zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətlərin ortaya çıxarılması, zərərçəkmiş şəxslərə müvafiq təzminatın ödənilməsi, bu cinayətlərin təkrarlanmaması üçün institusional tədbirlərin görülməsi kimi addımlar iki xalqın sülh içində birgə yaşayışının təmin edilməsi üçün zəruridir.

Səfir bunun üçün Xocalıda baş verənlər barədə beynəlxalq səviyyədə məlumatlandırma tədbirlərinin əhəmiyyətini bildirib, bu xüsusda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kompaniyası və onun nəticələri barədə məlumat verib.

Senator Stefano Luçidi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Azərbaycan və bütün regionun yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu bildirib, bu səbəbdən də bu il Xocalı faciəsinin əvvəlki illərdən fərqli bir şəraitdə yad edildiyini qeyd edib. Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin bütün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb. İstər Xocalı soyqırımı, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatların mövqeyi, o cümlədən BMT TŞ-nın qətnamələrindən danışan senator İtaliya parlamentində dəfələrlə bu mövzularda bəyanatla çıxış etdiyini bildirib və Xocalı soyqırımının 29-cu ildönümü günlərində Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Professor Franko Kardini Qafqaz bölgəsinin tarixinə nəzərə salaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının baş verməsi ətrafında gedən geosiyasi prossesləri təhlil edib, bu kimi qətliamlarla bağlı maarifləndirmə və məlumatlandırmanın vacibliyini bildirib.

Professor Karlo Frappi isə Xocalı qətliamının qısa və uzunmüddətli təsirlərindən danışıb, 29 il əvvəlki hadisələri xatırlamağın bu gün baş verənlərin dərk edilməsi üçün əhəmiyyətindən bəhs edib.

Sandro Teti isə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən Əmir Qut və Arye Qutun müəllifi olduqları Xocalı faciəsindən bəhs edən "Ağrı" kitabı da daxil olmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümumilikdə Azərbaycan haqqında çoxsaylı kitabların nəşr edildiyindən danışıb. O, son illər ərzində Azərbaycan həqiqətləri haqqında həm İtaliyada, həm də ümumilikdə bütün dünyada daha geniş məlumatların çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib.

Konfrans vaxtı Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər ilə bağlı video və fotomateriallar, xəritə və plakatlar nümayiş olunub.

Tədbir İtaliyanın "I Bricconcello" kamera ansamblının üzvləri, tanınmış musiqiçilər violançelist Pierluici Ruccero və pianoçu Luçiano Di Candomeniconun ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunan Azərbaycan, italyan və dünya musiqi irsindən olan təsirli parçalardan, o cümlədən "Sarı gəlin", Kəmalə Əli-zadənin "Xocalı üçün vokalis" və Sevda İbrahimovanın əsərlərindən ibarət konsert-rekviyem ilə davam edib.