• 28 Mart 2024
logo
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev

Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev

Artıq erməni işğalı altında olan, minilliklərdən soraq verən torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycan Qarabağa qovuşdu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri son qoydu.

Bəli, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Ölkə Prezidentimizin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının günahsız qurbanlarının qisası alındı. İllərdir Xocalı faciənin iştirakçısı olub-olmamağımızdan asılı olmayaraq hər birimizin ürəyində sağalmayan, unudulmayan Xocalı yarası, Xocalı ağrısı var.

Xocalı soyqırımını törətməkdə məkrli düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək, torpaqlarımıza sahib olmaq idi. Xocalı soyqrımı, dəhşətli faciə xalqımızı daha da mətinləşdirdi, birliyimizi sarsılmaz etdi. Qəhrəman, mərd Azərbaycan övladlarını Ana Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər etdi.

Doqquz il əvvəl ölkə Prezidenti İlham Əliyevin “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır” sözlər bu gün reallığa çevrilib.

Böyük Qələbə milyonlarla azərbaycanlının qəlbindəki Xocalı ağrısına, acısına su səpdi. Artıq hər birimiz əminik ki, tezliklə Zəfəri, Qələbəni bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində Xocalı soyqırımını törədənlər, əlləri günahsız uşaqların, qadınların, qocaların qanına batmış erməni cinayətkarları ədalət məhkəməsi qarşısında da cavab verəcək, layiq olduqları cəzanı alacaqlar.