• 4 Mart 2021
logo
Bizim Qələbəmiz tarixi Qələbədir

Bizim Qələbəmiz tarixi Qələbədir

Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etmişlər.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir.

Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib.

Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa ediləcək insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq.

Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək.

Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.

Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb.

Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.

İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb.

Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.

Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir.

Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib.

Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq.

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.

Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti:

Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu;

Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu;

Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu; Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı;

Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.

Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür.

Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik.

Laçın rayonunun cənub hissəsi hərbi əməliyyatlar nəticəsində azad edilib. Səfiyan və Türklər kəndlərinin azad edilməsi ilə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm əldə edib.

Prezident İlham Əliyev müraciətində bildirmişdir ki: Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm.

Biz tarixi ədaləti bərpa etdik.

Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq.

Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcək. Ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyev ən qısa zamanda Qarabağı da cənnətə çevirəcək.

254 № Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU

FERUZ HƏMZƏYEV