• 25 Aprel 2024
logo
Torpaqlarımızda işğalçılara, aramızda xəyanətkarlara yer yoxdur!

Torpaqlarımızda işğalçılara, aramızda xəyanətkarlara yer yoxdur!

Şuşa və Laçının işğal olunması Azərbaycan torpaqlarını qəsb etmək istəyən ermənilərin əsas strateji hədəfi idi. Çünki Qarabağın Azərbaycandan qopardılmasının yeganə yolu Şuşa və Laçından keçirdi. Həmin dövrdə Ermənistan rəhbərliyi və onun Dağlıq Qarabağdakı separatçı əlaltıları Şuşa və Laçını ələ keçirməklə bağlı niyyətləri haqqında açıq şəkildə danışır, Qarabağı Ermənistana birləşdirmək üçün ən ağır cinayətlərə əl atacaqlarını bildirirdilər. Sovet, daha sonra isə Rusiya ordusunun polkovniki Maksim Yusinin “İsvestiya” qəzetinin 1992-ci il, aprelin 14-də işıq üzü görən buraxılışında dərc olunmuş “Rus diplomatiyasının Qarabağ gedişi” adlı məqaləsi də ermənilərin əsas hədəflərinin Laçın və Şuşanı işğal etmək olduğunu təsdiqləyir. Sitat: “Mənimlə Stepanakertdə (Xankəndi - E.M) görüşən yerli döyüş dəstələrinin birinin komandiri söyləyir ki, əgər azərbaycanlılar blokadanı götürməsələr, biz güc bahasına Ermənistana dəhliz – yol açacağıq.

...Ermənilərin strateji məqsədi öncə Şuşanı, ardınca Laçını ələ keçirmək, daha sonra isə ensiz ərazini tutmaqla Qarabağı Ermənistanla birləşdirməkdir. Nəhayət, əlverişli şəraitdə müharibə aparmaqla Azərbaycanı onların suverenliyini tanımağa məcbur etmək”.

Təəssüf ki, həmin dövrdə Rusiyanın yüksək tirajlı kütləvi informasiya vasitələrindən olan “İstevstiya” qəzetində işıq üzü görən məqalədə yer alan fikirlər belə, başı hakimiyyət davasına qarışanların ağıllarını başlarına gətirə bilmədi. Düşmənin gözü Şuşa və Laçında, Qarabağda, təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxan, Milli Azadlıq Hərəkatının dalğasında yaranmış AXC, Müsavat və digər təşkilatları öz maraqlarının, bəsit dünyagörüşlərinin girovuna çevirənlərin gözü isə Bakıda, Ağ Evdə, parlamentdə idi... Şuşanın, Laçının müdafiəsi üçün isə heç bir iş görülmür, diqqət məqsədyönlü şəkildə, həm də görüntü xarakteri daşımaqla ölkəmizin bu iki inzibati ərazi subyektindən daha az strateji əhəmiyyətə malik istiqamətlərə yönəldirilirdi.

Həmin dövrdə Laçın alayının qərargah rəisi olmuş Rafiq Nağıyevın rayonun müdafiəsi üçün nəzərdə tutulan hərbi texnikanın Rəhim Qazıyevin göstərişi ilə Ağdam və Goranboya göndərilməsi barədə müsahibələrindən birində səsləndirdiyi faktlar da sübuta yetirir ki, Laçın xəyanətin qurbanı olub. Sitat: ““Leytenant Şmidt” adına zavoda getdik. O vaxt oranın direktoru Əyyam Musayev idi. Görüşdük, söhbətləşdik, baş mühəndisi çağırıb dedi ki, təzə "Zil-131”lərin üstünə Politexnik institunun hərbi kafedrasındakı qrad lülələrini quraşdırsınlar. Hər maşının üstündə 40 lülə olmaqla. Direktor da, Səlim müəllim (Laçından olan deputat Səlim Səlimov – E.M.) də dedi ki, əgər qradların sizin olmağını istəyirsinizsə burada qalacaqsınız. Mart ayının 11-dən 24-ə qədər zavodda qaldım. Gecə-gündüz işləyirdik. Martın 23-də qradları yoxlamaq üçün Şamaxı tərəfə poliqona apardıq. Müdafiə Nazirliyindən mayor Kamarovun nəzarəti altında qradlar yoxlanıldı. Hər şey müsbət idi. Qradlar yenidən zavoda qayıtmalı idi, ancaq qəfil peyda olan silahlı əsgərlərin müşaiyəti ilə Müdafiə Nazirliyinə apardılar. Getdim Müdafiə Nazirliyinə, 6 saat gözlədim ki, Rəhim Qazıyev məni qəbul etsin. Gördülər ki, əl çəkmirəm, sonda Rəhim Qazıyev, Tahir Rzayev və başqa səlahiyyətli şəxslər məni qəbul etdilər. Mənə dedilər ki, bu qradlar Ağdama və Goranboya gedəcək. Həmin vaxt zavodun direktoru Əyyam Musayev də orada idi və dedi ki, mən bu qradları şəxsi vəsaitlə Laçın üçün düzəltmişəm. Heç olmasa 3-nü Laçına göndərin. Rəhim Qazıyev dedi ki, yox, 3-ü Ağdama, 3-ü isə Goranboya gedəcək”.

...Şuşanın və Laçının işğalına aparan proseslərə şahidlik edənlər, həmin dövrdə ölkənin paytaxtında baş verənləri, AXC-də təmsil olunan ayrı-ayrı şəxslərin, sonradan siyasi partiya kimi qeydə alınacaq siyasi qrupların nəzarətində olan hərbi birləşmələrin sözügedən ərziləri necə və hansı məqsədlər üçün tərk etdiklərini, 1992-ci ilin 6 mart-15 may tarixləri arasında cərəyan edən hadisələri yaxşı xatırlayırlar.

Azərbaycan Prezidentinin Laçına səfəri zamanı yaxın tariximizdə baş verən hadisələri ardıcıllıqla xatırlatması, keçdikləri yolu, buraxdıqları səhvləri, etdikləri xəyanətləri unutdurmağa çalışan radikal düşərgə təmsilçilərinin gerçək simalarının, kimliklərinin bir daha gün işığına çıxarılması ilə yanaşı, həm də uğursuz idarəçiliyin, özbaşınalığın hansı nəticələrə səbəb ola biləcəyinin yaddaşlara həkk olunması, unudulmaması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mənə görə, təcrübəsiz, bacarıqsız, şüarçılıqdan başqa heç bir iş bacarmayan, aşağı intellektli və mədəniyyətli insanların hakimiyyətə sahiblənməsi terror qədər təhlükəlidir. Çünki yaradıcılıq potensialına malik deyillər, yalnız dağıtmağı bacarırlar. Mən həmin dövrün bütün çətinliklərini çiyinlərində daşıyan milyonlarla Azərbaycan vətəndaşından biri kimi məsuliyyətsizliyin, bacarıqsızlığın, cəsarətsizliyin, təcrübəsizliyin hansı nəticələrə gətirib çıxara biləcəyini çox yaxşı bilirəm...

Həmin dövr mənə məşhur rus dramaturqu Leonid Andreyevin “Anatema” əsərini xatırladır. Əsərdə vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq “peyğəmbər”, “xilaskar” olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz adamların ümumiləşdirilmiş obrazı olan David adlı şəxsin yüzminlərlə insanı necə uçuruma apardığından bəhs edilir. Təəssüf ki, Azərbaycan xalqının öncə ölkəmizin ərazi bütövlüyü, daha sonra isə istiqlalı uğrunda mücadiləsi, həmvətənlərimizin saf vətənpərvərlik hissləri hakimiyyət üçün alışıb yanan, amma hakimiyyətin “H”-sına yaxın gedəcək qədər təcrübə, intellekt və bacarıq sahibi olmayanlar, el dilində desək, hırnan-zırı ayırd edə bilməyənlər, siyasi dələduzlar, fırıldaqçılar, yalançı “peyğəmbər”lər tərəfindən vəhşicəsinə istismar edildi, millətin uzun illərdən bəri basqı və təzyiqlərə rəğmən ayaq üstə qalan ruhu, qan yaddaşından, milli özünəqayıdışından sıçrayan kinetik və potensial enerjisi heçə endirildi... Və nəticədə bir ildən azacıq çox olan bir zaman kəsiyi ərzində törədilən əməllərin, buraxılan cinayət xarakterli səhvlərin, miqyası olmayan məsuliyyətsizlik və səriştəsizliyin acı nəticələrinin aradan qaldırılmasına 27 il və təbii ki, ölçüyə gəlməyən zəhmət, resurs sərf etməli olduq.

İndi biz Laçındayıq, Şuşadayıq, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, kəsəsi, işğaldan azad etdiyimiz Qarabağdayıq! Ayaqlarımız torpağımızın üzərində möhkəm dayanıb və əbədiyyətə qədər də dayanacaq!

Biz tarixi ədaləti qanımızla bərpa etmişik. Və bu baxımdan, torpaqlarımızda işğalçılara, aramızda isə xəyanətkarlara yer yoxdur!

Elçin Mirzəbəyli