• 29 Mart 2024
logo
Zərifsayağı “zero off”, yaxud İranın İrəvanla sıfırlanan diplomatiyası

Zərifsayağı “zero off”, yaxud İranın İrəvanla sıfırlanan diplomatiyası

İranın Azərbaycan bayatılarına qarşı xüsusi rəğbəti olan, şeirdən “nəm çəkən” xarici işlər naziri İrəvanda, Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdə bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin İran üçün əhəmiyyətli olduğunu deyib, Ermənistanın ərazi bütövlüyünün isə rəsmi Tehran üçün “qırmızı xətt” olduğunu bildirib. Maraqlı ifadədir... Və İran diplomatiyasından daha çox Türkiyə diplomatiyasına xas olan bir deyimdir.

Uzun illərdən bəri İranın daxili və xarici siyasəti ilə bağlı çoxsaylı araşdırmalar aparan bir jurnalist və siyasi ekspert kimi, istisnasız olaraq, “qırmızı xətt” ifadəsinin İran rəsmilərinin siyasi, diplomatik leksikonuna aid olmadığını iddia edə bilərəm.

Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan ölkəsinin maraqları və mövqeyi ilə bağlı “qırmızı xətt” ifadəsindən tez-tez istifadə edir və qənətimə görə, son 10 ildə bölgədə və dünyada baş verən proseslərə münasibətdə verilən bəyanatlara nəzər salsaq, siyasətdə “qırmızı xətt” ifadəsinin müəlliflik hüququnun qardaş dövlətin başçısına aid olduğunu deyə bilərik. Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı "qırmızı çizgimiz aşılırsa gözümüz babamızın oğlunu da görməz” dediyini və bu sözlərin hədəfini, ünvanını kimsənin unutmadığı qənaətindəyəm...

Ermənistanın ərazi bütövlüyü nə üçün İranın qırmızı cizgisi olsun ki? Bu Zərifsayağı “zero off”un, daha dəqiq desək, İranın ənənəvi olaraq İrəvanla sıfırlanan bölgə diplomatiyasının səbəbi nədir? İranın baş diplomatı kimi kimdən qorumağa cəhd göstərir və yaxud kim(lər)i arxayın salmağa çalışır? Ara Ayvazyanın Zəriflə görüşündə Türkiyə və Azərbaycanla bağlı mesajlar verdiyini nəzərə alsaq, İranın xarici işlər nazirinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı bölgə dövlətlərinin xaricində, ayrıca, xüsusi bir yanaşma sərgilədiyinin səbəbini gün işığına çıxara bilərik...

Maraqlıdır, görəsən Bakıda Azərbaycanı qələbə münasibətilə təbrik edən, İrəvanda, tarixi Azərbaycan torpaqlarında Ermənistanın “ərazi bütövlüyünün ölkəsi üçün qırmızı xətt olması”nı deyən Zərif, hansı səbəblərdən Ara Ayvazyanın həll olunmuş bir münaqişənin “heç kimin qalib və məğlub olmadığı yeni həll axtarışına” reaksiya vermədi?

Azərbaycan torpaqlarının işğal altında olduğu 28 il ərzində, b ərazi bütövlüyümüzün “İran üçün qırmızı xətt olduğu” barədə bu ölkənin rəsmilərinin bircə kəlməsini belə eşitmədik. Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, bizim beynəlxalq hüququn subyekti olan heç bir ölkənin torpağında gözümüz yoxdur və indiyədək ölkəmizin belə bir cəhdi də nəzərə çarpmayıb. Ermənistan isə uzun illər ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb, bölgədə uzunmüddətli gərginliyə, regionun xarici müdaxilələrə açıq olmasına zəmin yaradıb. İndi nə baş verdi ki, özünü dünyadakı “bütün müsəlmanların təəssübkeşi” elan edən İran 28 il ərzində müsəlman azərbaycanlıların qanuni hüquqlarını müdafiə etmək üçün bircə dəfə də olsun “qırmızı xətt” ifadəsini işlətmədi, amma azərbaycanlılar özlərində güc və təpər tapıb işğalçını iti qovan kimi qovduqdan sonra, itin təəssübünü çəkməyə başladılar?

...Biz bu bölgənin ən böyük və qədim xalqının təmsilçiləri kimi, yükümüzü çəkib heç bir yana getməyəcəyik. Ana südü kimi halal torpaqlarımızda şərəfli bir ömür yaşayacağıq. Və heç nəyi unutmayacağıq. Həm də dövlət və xalq olaraq!

Elçin Mirzəbəyli