• 20 Aprel 2024
logo
Parlamentin Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı layihələrin icrasında rolu müzakirə olunub

Parlamentin Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı layihələrin icrasında rolu müzakirə olunub

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.

Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib. Bildirilib ki, Vətən müharibəsi zamanı dəfələrlə millət vəkilləri tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.

Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-in araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.

İclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək. Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Sonra komitənin iş planı təsdiqlənib.

Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.