• 5 Mart 2021
logo
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır.

Bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq".