• 17 Aprel 2024
logo
“Ermənistanda post-müharibə sindromu yaşanır”

“Ermənistanda post-müharibə sindromu yaşanır”

İlyas Hüseynov: “Sosial və iqtisadi tənəzzül Ermənistanı revanşist əhval-ruhiyyədən daşındırmalıdır”

“Ermənistanda neqativ proseslər bir-birini əvəz etməkdə davam edir. Baş nazir Nikol Paşinyanın əleyhinə küçədə baş verən etirazlar səngisə də, siyasi səhnədə ona qarşı olan müxalif qüvvələr ciddi-cəhdlə onu devirməyə çalışırlar. Belə demək mümkündürsə, Ermənistanda post-müharibə sindromu yaşanır və getdikcə dərinləşir”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib. O, əlavə edib ki, lakin sosial və iqtisadi tənəzzül, əhalinin social vəziyyətinin daha da ağırlaşması halı Ermənistanı revanşist əhval-ruhiyyədən daşındırmalıdır: “Türkiyə, Azərbaycan və Gürcüstana qarşı davamlı olaraq ərazi iddiları ilə yaşamaq Ermənistanı siyasi və iqtisadi dalana sürükləyir.
Ermənistanda yürüdülən yanlış regional siyasətdən və işğalçılıq planlarının iflasa uğramasından sonra davranışlarına yenidən baxmalıdırlar. Buna rəğmən, Ermənistanda siyasi mübarizə kəskinləşir, Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalır. Cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planlarına da artıq heç kim inanmır. Köçəryan-Sarkisyan cütlüyü Azərbaycanın torpaqlarının işğal edilməsinə yaxından iştirak edib və Xocalı soyqırımının müəllifləridirlər. Ermənistana rəhbərlik edən bu cəlladlar azərbaycanlıların qanı üzərindən hakimiyyətə gəliblər. Unutmaq olmaz ki, Serj Sarkisyan öz çıxışlarının birində deyib ki, Azərbaycan tərəfi inanmırdı ki, biz, Xocalıda bu cür qanlı qətliam törədə bilərik. Lakin 30 ilə yaxın davam edən işğala Azərbaycanın müzəffər ordusu son qoydu. Xocalı qətliamının qisası alındı. Ermənistan hazırda 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə daha yaxşı olar”.

Əli Zülfüqaroğlu