• 24 Aprel 2024
logo
30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR

30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz fəaliyyət göstərib.

Trend-in məlumatına görə, Ermənistan hökuməti 1999-cu ildən bir neçə xarici şirkəti Qarabağa investisiya yatırmağa sövq edib.

Bu şirkətlər müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Qarabağda Azərbaycanın icazəsi olmadan fəaliyyət göstəriblər. Daha çox Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərib.

Təkcə son 10 ildə həmin şirkətlər tərəfindən Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya qoyulub.

İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən edilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin edilib.

Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə, 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.

Qarabağda qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan bir neçə şirkətin adını isə müəyyənləşdirmək mümkün olub:

“Haik Watch and Jewelry Co”

“Rodino Haskovo” JIC,

“Centro Ceibal”,

“Deccan Gold Mines Ltd”

“Cosmote Romanian Mobile Telecommunications S.A”

Bu adıçəkilən şirkətlərin rəhbərləri haqqında məlumatlar toplanaraq Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı Prezident İlham Əliyev bu şirkətlərə son xəbərdarlığı da etdi. Təbii sərvətlərimizi qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ beynəlxalq məhkəməyə gedəcək.

Qarabağda ən çox talanan təbii ehtiyatlarımdan birincisi qızıl ehtiyatlarımız olub

Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismarı aparılıb.