• 16 Aprel 2024
logo
“Azərbaycan gəncliyi vətənpərvərliyi ilə seçilir”

“Azərbaycan gəncliyi vətənpərvərliyi ilə seçilir”

Fuad Hüseynzadə: “Ümummilli məsələlərdə gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir”

“Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə və müdafiəsinə öz dəyərli töhfələrini verirlər. Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin vətənpərvər ruhda inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib. Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra gənclər arasında vətənpərvəliyin təbliği istiqamətində istər dövlət tərəfindən, itəsə də vətəndaş cəmiyyəti tərəfindən müxtəlif layihələr həyata keçirlib: “Vətən müharibəsi dövlətin gənclər siyasətinin də müsbət nəticəsini bir daha açıq-aydın göstərdi. Prezident İlham Əliyevin Şuşa səfərində bildirdiyi kimi, 44 günlük müharibədəki qələbəmizdə əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Müharibə zamanı gənclərin kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində döyüş üçün qeydiyyata yazılması bunun bariz nümunəsidir. Xatırladım ki, Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin mütəmadi olaraq xalqımıza müraciəti soydaşlarımıza, o cümlədən gənclərə və məktəblilərə böyük ruh yüksəkliyi verirdi. Bu gün Azərbaycan gənci Cənab Prezidentin fəaliyyətini özünə örnək bilərək Vətənimizi göz bəbəyi kimi qorumağa hazırdır. Bu gün gənclərimiz Ulu öndər Heydər Əliyevin dediyi kimi, hər zaman azərbaycanlı olmaqları ilə fəxr edir və qalib ölkənin vətəndaşı olmaqdan qürur hissi duyurlar.
Erməni lobbisi dayanmadan ölkəmizə, o cümlədən xaricdəki soydaşlarımıza qarşı düşünülmüş qərəzli kampanıyalar aprır. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə vətənpərvər gənclər də bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidir. Həmçinin gənclərimiz ölkə başçısının siyasi kursunu rəhbər tutaraq xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını etməyə səy göstərməlidir”.