• 19 Mart 2024
logo
Birliyimiz 30 illik Qarabağ həsrətimizə son qoydu

Birliyimiz 30 illik Qarabağ həsrətimizə son qoydu

Müstəqil Azərbaycan dövləti dünyanın hər yerində yaşayan azərbaycanlıların ana vətəni, doğma yurdudur. Azərbaycanın müstəqil bir dövlət kimi mövcud olmasında milli birlik, milli həmrəylik böyük rol oynayıb. Həmişə milli birlik, həmrəylik ən çətin anlarımızda bizi mübarizləşdirib, gücləndirib. Xalqımızın birliyi olmasaydı, yəqin ki, dövlətimiz də suveren olmazdı, mübariz olmazdı, bütün sahələrdə inkişaf etməzdik, qələbələrə imza atmazdıq. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə də məhz birliyin, həmrəyliyin təzahürüdür. Ümumiyyətlə, Azərbaycan xalqı tarixən milli birliyə böyük önəm verib. Bu söz boşuna deyilməyib: "El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar". Elin birliyi dövlətin, vətənin qorunması, müdafiəsi deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev dünən Şuşa şəhərində olarkən Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsilin yetişdiyini vurğulayıb: "On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü". Politoloq Mirsamir Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət, xüsusilə gənclər siyasəti gənclərimizdə vətənpərvərlik ruhunu gücləndirib, vətənə, torpağa sevgini, məhəbbəti artırıb: "Ötən ilin son aylarında ordumuza dəstək aksiyalarını yada salaq. Nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində gənclərimiz ayağa qalxdı, Prezidentin siyasətini dəstəklədi, vətənin müdafiəsinə hazır olduqlarını bəyan etdilər. Bu, mübarizliyin, vətənpərvərliyin nəticəsi işğalçı Ermənistan üzərində qələbəmiz oldu. Bütün gənclər könüllü olaraq döyüşə atıldı, vətənin müdafiəsinə qalxdı. Bu bir kişilik, mərdlik nümunəsiydi".

Mirsamir Məmmədovun fikrincə, ordumuzda və gənclər arasında yüksək vətənpərvərlik hisslərinin alovlanması 30 illik Qarabağ həsrətimizə son qoydu: "Bu qələbə tarixinə hər bir gənc öz adını yazdı. Bu imtahanda hamı yumruq kimi birləşdi və gücümüzü bütün dünyaya nümayiş etdirdik. Cənab Prezidentimiz dəmir yumruq ifadəsini təsadüfən işlətmir. Prezidentin müdrik və uzaqgörən siyasəti nəticəsində bu yumruq yaranıb. Dəmir yumruqda ölkənin bütün nümayəndələri birləşib, yaşından, tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq. İşğaldan azad olunan hər qarış torpaqda bir qəhrəmanlıq izi var. Xalq-hakimiyyət-ordu həmrəyliyi bizim qələbə qazanmağımızda böyük rol oynadı. Xalq öz liderinə inandı, etibar etdi, onun yanında oldu. Bir-birimizdən güc aldıq, bir-birimizə dəstək olduq. Ruhdan düşmədik, ona görə ki, qarşıda bizi qələbə gözləyirdi". Politoloq onu da vurğulayıb ki, gücümüz, birliyimiz düşmənlərə bir mesajdır. Bundan sonra Azərbaycana qarşı çıxmaq, ərazi bütövlüyümüzə təhdid yaratmaq fikrində olacaq qüvvə dəmir yumruğumuzla üzləşəcək: "Azərbaycan 90-cı illərin ölkəsi deyil. Bu gün bizim güclü ordumuz, müdrik rəhbərimiz, iradəli və mübariz bir xalqımız var. Bizimlə təhdid dilində danışmaq istəyən dəmir yumruğun ağır zərbəsinə tuş gələcək".