• 29 Mart 2024
logo
Müvəkkil Rusiya Federasiyasının Sverdlovsk vilayətinin ombudsmanını qəbul edib

Müvəkkil Rusiya Federasiyasının Sverdlovsk vilayətinin ombudsmanını qəbul edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) innovativ yanaşmalar tətbiq etməklə xarici ombudsmanlarla əməkdaşlıq əlaqələrini genişləndirir, bu istiqamətdə məqsədyönlü işlər görür. Nəticədə insan hüquqlarının təmini üzrə digər sahələrlə yanaşı həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici ölkə vətəndaşlarının statuslarının müəyyən edilməsi, müvafiq sənədlərin alınması, sosial hüquqlarının müdafiəsi, həmçinin zorakılıq, qanunsuz əmək fəaliyyəti, əmək istismarı hallarının yolverilməzliyi və qarşısının alınması sahəsində tədbirlər həyata keçirilib.
12 sentyabr tarixində Müvəkkil Elmira Süleymanova RF-nın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində həmin vilayətin Ombudsmanı Tatyana Merzlakovanı qəbul edib.
Müvəkkil ölkədə insan hüquqlarının səmərəli təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar, digər dövlət qurumları ilə yanaşı Azərbaycan Ombudsmanının bu prosesdəki rolu, fəaliyyət istiqamətləri, milli preventiv mexanizm, əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla yanaşı vətəndaş cəmiyyəti institutları və yerli icmalarla birgə görülən işlər barədə ətaflı məlumat verib.
T.Merzlyakova Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini, habelə Sverdlovsk vilayətində yaşayan azərbaycanlıların müraciətlərinin nəzarətdə saxlanıldığını, səlahiyyətləri çərçivəsində bu şəxslərə mümkün köməklik göstərildiyini qeyd edib. O, insan hüquqlarının müdafiə mexanizmlərinin inkişafına yönəldilmiş, qarşılıqlı hörmət və etibar əsasında həyata keçirilən birgə fəaliyyətə görə Müvəkkilə öz minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan və Sverdlovsk ombudsmanları arasında mövcud əməkdaşlıq sazişi çərçivəsində milli və beynəlxalq normalar nəzərə alınmaqla, görülmüş işlər təhlil edilmiş, gələcək birgə fəaliyyətin yeni istiqamətləri müzakirə edilib.