• 20 Yanvar 2021
logo
Baş direktor: “Azərbaycanın Qələbəsi ICESCO-nun qələbəsinin bir parçasıdır”

Baş direktor: “Azərbaycanın Qələbəsi ICESCO-nun qələbəsinin bir parçasıdır”

“Rəhbərlik etdiyim nümayəndə heyəti ilə görüşməyiniz mənim üçün böyük şərəfdir. Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm”.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Prezident İlham Əliyevlə görüşündə deyib.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olduğunu bildirən ICESCO-nun Baş direktoru dövlət başçısının BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad edərək deyib ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Baş direktor bildirib ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır.

“Zati-aliləri, əmin olun ki, Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik”.

Baş direktor qeyd edib ki, onunla birlikdə ən önəmli insanlar gəlib: “Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahey Ramor. O, elm və innovasiya sektorunun rəhbəridir və İslamabadda yerləşən COMSATS Universitetinin rektoru olub. Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdaşlıq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub. Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan “Əl-Əhram”ın redaktoru olub. Beləliklə, görürsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Sizinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk”.