• 15 Yanvar 2021
logo
Regionun yeni xəritəsində Azərbaycan reallığı

Regionun yeni xəritəsində Azərbaycan reallığı

Yanvarın 30-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı sonuncu bəyanata əsasən yaradılan İşçi Qrupunun ilk iclası keçiriləcək. İşçi Qrupunda Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edəcək. Qeyd edim ki, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirən və Ruisyada biznes fəaliyyəti ilə məşğul olan Mger Qriqoryan Nikol Paşinyanın komanda üzvləri arasında “Sorosun uşağı” siyahısına aid edilməyən azsaylı adamlardan biridir. Siyasətə bank sektorundan gəlib və müxtəlif banklarda, o cümlədən Rusiyaya məxsus bankların Ermənistandakı törəmə qurumlarında, “VTB Ermənistan”da rəhbər vəzifələrdə çalışıb... Siyasi mənsubiyyəti yoxdur. Azərbaycanı işçi qrupunda kimin təmsil edəcəyi, hələlik məlum deyil. Moskva bəyanatının kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası ilə bağlı olduğunu nəzərə alsaq, işçi qrupunda ölkəmizi baş nazirin birinci müavini Yaqub Eyyibovun, yaxud baş nazirin müavini Şahin Mustafayevin təmsil edəcəyi ehtimalı daha çoxdur.
Çox güman ki, yaxın gələcəkdə ən müxtəlif istiqamətlər üzrə yeni işçi və ya ekspert qruplarının yaradılmasının da şahidi olcağıq.

Bütün hallarda işçi qrupu üzvlərinin təmsil etdikləri ölkələrin siyasi rəhbərlərinin qərarlarını icra edəcəklərini nəzərə alsaq, bu qrupda təmsilçilik fundamental əhəmiyyət daşımayacaq.

Məlum olduğu kimi,sonuncu bəyanat noyabrın 10-da imzalanmış sənədin 9-cu bəndinin icrası ilə bağlıdır. Həmin bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Təbii ki, bu bənddə yer alan məqamlar həm Azərbaycan, həm də Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Moskva görüşündən sonra Azərbaycan mediasında, həmçinin sosial şəbəkələrin Azərbaycandilli seqmentində, 10 noyabr bəyanatının 6-cı bəndində yer alan istiqamətlər də geniş müzakirə olunur və “Laçın dəhlizi” ilə bağlı ictimai rəyə yanlış mesajlar ötürülür. Qeyd olunur ki, Moskva bəyanatında 10 noyabrda imzalanmış sənədin 6-cı bəndində yer alan və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı məqamlara aydınlıq gətirilməyib. Şübhəsiz ki, bu manipulyativ yanaşmaların heç bir əsası yoxdur. Çünki yeni hərəkət marşrutu Azərbaycan ərazisindən keçəcəyi üçün bu məsələdə Ermənistanın hər hansı bir formada iştirakı mümkün deyil. Və bu baxımdan da məsələnin Ermənistanla müzakirəsinə heç bir ehtiyac yoxdur.

İndiki halda diqqət yetirilməsi vacib olan 10 noyabr bəyanatının 4-cü və 7-ci bəndləridir. 4-cü bənddə “Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi” nəzərdə tutulsa da, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni silahlı qruplarının terrora və təxribata cəhdləri, həmçinin sülhməramlıların müşahidəsi altında olan ərazilərimizdə erməni silahlı dəstələrinin mövcudluğu haqqında məlumatlar narahatlıq doğurur. Bu baxımdan 10 noyabr bəyanatının bu müddəası ən qısa zamanda istisnasız olaraq icra edilməli və şübhə doğuran bütün məqamlar aradan qaldırılmalıdır.

Daha öncə qeyd etdiyim kimi, müzakirəyə səbəb olan məsələlərdən biri də 10 noyabr bəyanatının 7-ci bəndi ilə bağlıdır. Həmin bənddə deyilir ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Burada “daxili məcburi köçkün” anlayışı azərbaycanlılara, “qaçqın” anlayışı isə 44 günlük müharibə dövründə Ermənistana qaçan, de-fako erməni əsilli Azərbaycan vətəndaşlarına aiddir. Bu bənddə Rusiya sülhməramlılarının müşahidəsi altında olmayan ərazilərə məcburi köşkünlərin qayıtması, bilavasitə Azərbaycan Respublikasının həyata keçirəcəyi tədbirlər nəticəsində baş tutacaq. Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərinə azərbaycanlı məcburi köçkünlərin köçürülməsi prosesinə isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi nəzarət edəcək.

Düşünürəm ki, bu məsələlərə müəyyən qədər aydınlıq gətirə bildim.
İndi isə Moskva bəyanatına və onun Ermənistanda doğurduğu reaksiyaya nəzər salmaqla, sənədin ölkəmiz üçün hansı səbəblərdən önəmli olduğuna diqqət çəkək:

Məsələn, Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan Moskva bəyanatını ölkəsinin növbəti məğubiyyəti və faciəsi kimi dəyərləndirib. Sitat: Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi. Azərbaycan yenə də hansı məsələ ilə bağlı gəlmişdisə, o məsələni də ratifikasiya etdi... Bu Ermənistanın növbəti biabırçı məğlubiyyətidir”.

Vazgen Manukyan və bütövlükdə Ermənistanın revanşçı siyasi qüvvələrinin qənaətinə görə, hər iki bəyanatda, prosesdə Minsk Qrupunun iştirakı ilə bağlı hər hansı bir müddaənın yer almaması, Ermənistanın ikiqat uğursuzluğudur.

Erməni siyasətçilərinin və ekspertlərinin qənaətinə görə, Moskva bəyanatı Azərbaycanın Ermənistanı üzərində uzun illər boyu iqtisadi ekspansiyasına imkan yaradacaq. Daşnaksütun partiyası isə Moskva bəyanatını “pantürkizmin qələbəsi” dəyərəndirib, Meğri yolunu isə “pantürkizm yolu” adlandırıb.

Moskva bəyanatı ilə bağlı diqqət çəkən məqamlardan biri də Rusiyanın “Kommersant” nəşrində Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşdırılmış nəqliyyat dəhlizləri ilə bağlı xəritədir. Qəzetin qənaətinə görə, “Moskvada imzalanan sənəd nəzəri baxımdan hər üç tərəfin maraqlarını təmin etməlidir. Azərbaycana Naxçıvan və Türkiyəyə, Ermənistana Rusiya və İrana, Rusiyaya isə Türkiyə və Ermənistana yol lazımdır. Amma danışıqlardan sonra faktiki olaraq yalnız İlham Əliyevin qalib gəldiyi bəlli olub. Nikol Paşinyan isə öz nitqində əldə edilən uğurlu nəticəyə deyil, həllini tapmayan məsələlərə diqqət çəkib”.

Əslində Azərbaycanın Moskva görüşündən uğurla çıxdığını müəyyənləşdirmək üçün nə Ermənistan, nə də Rusiya mediasında aparılan müzakirələrə nəzər salmağa xüsusi ehtiyac da yoxdur. 11 yanvar bəyanatının müddəaları və Ermənistanın heç bir istəyinin qəbul edilməməsi, öz özlüyündə hər şeyi deyir. Amma təəssüf ki, bu məsələdə də, Azərbaycan siyasətinin “çörəyi populizmdən çıxan”, həmçinin regiondan əli üzülən bəzi mərkəzlərin təkrar istifadəyə buraxdıqları “beşinci kolon”un bir sıra təmsilçiləri yenə də ənənəvi ritorikanı davam etdirir, əssasız mülahizələrini emosional notlarla ictimai rəyə sırımağa çalışırlar.
Real mənzərə isə göz qabağındadır və bunu “Kommersant” qəzetinin yayımladığı xəritədən də görmək mümkündür...

Elçin Mirzəbəyli