• 28 Mart 2024
logo
Keçmiş səfir Rusiyanı fakt qarşısında qoydu ! – “Sənədləri incələsək...”- Tarixi detal !

Keçmiş səfir Rusiyanı fakt qarşısında qoydu ! – “Sənədləri incələsək...”- Tarixi detal !

“Görərik ki, Zəngəzur 1921-ci ildə Sovet Rusiyanın Ermənistana hədiyyə etdiyi tarixi Azərbaycan torpaqlarıdır”

“Ermənistanın Azərbaycana ödəməli olduğu kompensasiyanı torpaqla əvəzləməkdən başqa yolu yoxdur”

“Naxçıxan dəhliz Türkiyə ilə Azərbaycan və Türkiyə ilə türk dünyası arasında quru əlaqəsi yaradacaq”

“Qarabağda təxribatlar davam edərsə, Rusiya rəsmiləri ilə görüş lazım gələ bilər”

“Xəstə təfəkkürlü Paşinyan hakimiyyəti ağlını başına yığmasa, təxribatlarının cavabını çox ağır ödəyəcək”

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər ətrafında baş verən siyasi prosesləri, fikir mübadilələri səngimir. Əksinə, “çevrə daraldıqca”, vəziyyət daha da mürəkkəbləşir. Sən demə, hər şey hələ indi başlayıbmış…

Dağlıq Qarabağda ermənilərin törətdikləri təxribatlar, rus sülhməramlıların vəzifələrinə zidd davranışları və bunun kimi digər məqamlar onu deməyə əsas verir ki, hələ qarşıda qət edilməli uzun bir marafon var. Bizsə bu yolda səbrli, əzmkar və həmrəy olmalı, qarşı tərəfin oyunlarına, hiylələrinə uduzmamalı, onlara inanmalıyıq. Bu günlərdə erməni mətbuatında dərc olunan “Azərbaycanlılar Ermənistana vizasız” gələ biləcək dezinformasiyası da ( bu məlumatı yerli XİN təkzib elədi) düşmənin bu və ya digər formada ictimai şüura təsir etmək niyyətindən xəbər verir. Deməli, biz də onların təxribatlarına, atacaqları təxribatlara hazır olmalı, yeri gələndə, adekvat cavab verməliyik.

“Sherg.az” olaraq Türkiyənin Azərbaycandakı keçmiş səfəri Hulusi Kılıçla da elə bu barədə söhbətləşdik:

-Sizcə, müharibə niyə məhz indi başladı?

-Ali Baş Komandan İlham Əliyev məsələnin qan tökülmədən və diplomatik müstəvidə həllini istəyirdi. Həmsədrlər isə təəssüf ki, 27 il ərzində heç nə eləmədilər, vaxt uzatdılar. Cənab Prezident bir tərəfdən problemin diplomatik yolla həllini gözləyərkən, digər tərəfdən ordunu müasirləşdirməyə və əsgərlərin təhsil səviyyəsini professionallıq dərəcəsinə çatdırmağa davam etdi. Bakıda səfir kimi çalışdığım müddətdə səsləndirdiyim Türkiyə və Azərbaycan əsgərlərinin birgə təlim keçmə ideyaları reallaşdı. Belə birgə təlimlər 2014-cü ildən etibarən keçirilir. Ötən il 12 birgə təlim baş tutdu. Ayrıca, Azərbaycan neft gəlirlərini çox yaxşı istifadə edərək ordu üçün ən müasir silahları aldı. Müstəqilliyindən indiyədək minlərcə Azərbaycan əsgəri Türkiyədə təhsil aldı. Azərbaycan Silahlı Qüvvələri müasir və çevik bir orduya çevrildi. 2016-cı ildəki Aprel döyüşləri Azərbaycanın işğal altındakı torpaqlarını azad etmə gücündə olduğunu təsdiqlədi. Dörd il sonra 27 sentyabrda başlayan və 44 gün çəkən müharibə vaxtı Türkiyədən və İsraildən alınan silahlar döyüşlərin taleyini həll etdi. Xeyli sayda insan itkisinin qarşısını aldı. Ümumiyyətlə, ermənilərin 27 sentyabrda mülki əhalini hədəfə alaraq törətdikləri təxribat Vətən müharibəsinin başlaması üçün tarixi fürsət oldu. Beləliklə, gözlənilən vaxt yetişdi.

-10 noyabr razılaşmasını necə qiymətləndirirsiniz?

-Bu bəyanat tarixi fürsətlərə imkan verən sənəddir. Belə ki, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan və insan itkisi olmadan geri alındı. Həmçinin bəyanatın 5-ci maddəsinə uyğun olaraq türk əsgəri 102 il sonra Azərbaycana qardaşlarına köməyə getdi. Bu, tarixi- Can Azərbaycanın haqq, hüquq və mənafelərini müdafiə edən fürsətdir. Digər bir tarixi fürsət Naxçıvan ilə Azərbaycan arasında açılacaq dəhlizdir. Bu dəhliz Naxçıvan ilə Azərbaycan arasındakı sərhəddi 50 kilometr edəcək, Türkiyə ilə Azərbaycan və Türkiyə ilə türk dünyası arasında quru əlaqəsi yaradacaq.

-Artıq Zəngəzurun Azərbaycana verilməsi müzakirə edilir. Sizcə, biz yaxın gələcəkdə növbəti tarixi zəfərə sevinə bilərikmi?

-Zəngəzur 1921-ci ildə Sovet Rusiyanın Ermənistana hədiyyə etdiyi tarixi Azərbaycan torpaqlarıdır. Həmin ildəki arxiv sənədlərini incələsək, Zəngəzurun Azərbaycana aid olduğunu görərik. Bu sənədlərə istinadən, əlbəttə, Zəngəzur tarixi sahiblərinə- Azərbaycana qaytarılmalıdır. Həm də Ermənistan Azərbaycana külli miqdarda təzminat ödəməlidir. Belə bir imkanı olmadığına görə də həmin kompensasiyanı torpaqla ödəməkdən başqa yolu yoxdur.

-Ermənistan məğlub durumda olsa da, təxribatlarını davam etdirir. Məsələn xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə gəlib. Onun orda nə işi var?

-Görünür ki, erməni siyasi hakimiyyətinin ağlı başında deyil. Xarici işlər naziri Ara Ayvazyanın rus sülhməramlılarına güvənərək Xankəndiyə gəlməsi açıq-aydın təxribatdır. Ayvazyanın bu qanunsuz səfərlə Azərbaycanın səbrini yoxlaması çox təhlükəlidir. Bu xəstə təfəkkürlü siyasi hakimiyyət ağlını başına yığmasa, təxribatlarının cavabını çox ağır ödəyəcək. Yəqin, Paşinyan bununla daxili narazılıqları yatırmaq istəyir. Hərçənd, Ermənistan hakimiyyəti qarşı-qarşıya qaldığı vəziyyəti başa düşərək yeni dövrə başlamalıdır. Belə provokatif addımlar onun xeyrinə deyil.

-Rusiya sülhməramlılarının düşməni dəstəkləməsi aşkardır. Belə bir vəziyyətdə nə etməliyik?

-Bununla barışmaq mümkün deyil. Sülhməramlıların vəzifələri məlumdur. Adından da məlum olduğu kimi, onlar iki tərəf arasında sülhü, əmin-amanlığı təmin etməlidirlər. Sülhməramlının tərəflərdən birini dəstəkləməsi səlahiyyətlərdən sui-istifadə deməkdir. Əgər belə davam edərsə, məsələnin həll üçün Rusiya rəsmiləri ilə görüş lazım gələ bilər. Həmçinin media belə sui-istifadə hallarını işıqlandıraraq, beynəlxalq ictimaiyyətə çatdırmalıdır.

-İranın məsələyə münasibətini necə qiymətləndirirsiniz?

-İran Türkiyə və Azərbaycanın önəmli qonşusudur. İki qardaş ölkə bu qonşuluğa böyük əhəmiyyət verir. İran hakimiyyəti unutmamalıdır ki, Türkiyə 2016-cı ildə onu dəstəkləmək naminə bütün dünyanı qarşısına aldı. Fəqət, rəsmi Tehranın hazırkı reaksiyaları şəxsən məni təəccübləndirir. Ermənistanın regiondakı mövcudluğunu İran hesabına qoruduğu sirr deyil. Hər kəs iki ölkə arasındakı danışıqları, əməkdaşlıqları, gediş-gəlişləri bilir. İran Ermənistana dəstəyini Vətən müharibəsinin əvvəlindən vermişdir. Azərbaycam qələbə qazanandan sonra isə ərazi bütövlüyümüzü tanıdığını və dəstəklədiyini bəyan etdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında oxuduğa şeirə İran xarici işlər naziri Zərifin reaksiyası isə əks nəticə verdi. Belə ki, İranda yaşayan Azərbaycan türklərinin Azərbaycana və Türkiyəyə sevgiləri daha da artdı. Deməli, rəsmi Tehran mövcud reallığı qəbul edərək rəsmi Ankara və rəsmi Bakı ilə dürüst, səmimi siyasət aparmalıdır. O, yalnız belə olan halda nəsə qazana bilər. Rəsmi Tehranın mövcud reallığı yaxşı analiz edərək sülh, sabitlik və iqtisadi əməkdaşlığa töhfə verəcəyini gözləyirik.

-Yanvarın 11- də Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında baş tutacaq görüşlə bağlə təxminləriniz nələrdir? Hansı qərarlar verilə bilər?

- Görüşə İlham Əliyev zəfər qazanmış bir Ali Baş Komandan, Ermənistan baş naziri isə diz çökmüş, atəşkəs üçün yalvarmış, məğlub sima kimi qatılacaq. Məncə, daimi atəşkəs və Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi məsələlər müzakirə ediləcək.

-Sizcə, Azərbaycan və Türkiyə birliyi dünyaya hansı mühüm mesajları verdi?

-Türkiyə ilə Azərbaycan birliyi bütün dünya üçün vacib mesaj oldu. İki ölkə arasında birlik region üçün güc yaratdı. Bundan sonra güclənərək davam edəcək bu birlik qonşu İran, Rusiya, Gürcüstan və Ermənistandan ötrü həyati əhəmiyyət daşıyır. İki həmişə birdən böyükdür. Türkiyə və Azərbaycan arasındakı qardaşlığın dünyada oxşarı yoxdur. Bu birlik gücünü və sarsılmazlığını 44 gün davam edən Vətən müharibəsində və tarixi zəfərdən sonra dünyaya nümayiş etdirdi. Türkiyə və Azərbaycanla dost olanlar qazanacaqlar. Biz bunu Gürcüstanın timsalında gördük. Dünya və region ölkələri iki qardaş ölkənin birliyinin getdikcə gücləndiyini bilməli və siyasətlərini buna uyğun tənzimləməlidirlər. Bu iki qardaş ölkənin həmişə dostluq, əməkdaşlıq və sülh tərəfdarı olduğu hər kəsə yaxşı məlumdur.