Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Ordusunun əks-hücum və sülhə məcburetmə əməliyyatının ilk günlərindən işğalçı ölkənin – Ermənistanın siyasi rəhbərliyindən daha artıq canfəşanlıq nümayiş etdirməsi onun Nikol Paşinyana sonsuz... SMS-ləri ilə bağlı etirafında da təsdiqini tapdı, izahını isə yox. 44 günlük müharibə dövründə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən cavabı artıqlaması ilə verilən, sadə el dilində desək, ağzının payını alan bu adamın öz dərdinin nə olduğu sonunadək bəlli olmadı...
Fransanın Cənubi Qafqazdakı maraqları, ATƏT-in Minsk Qrupunun həmsədri kimi 26 illik fəaliyyətsizliyinin cəhənnəmə yola salınması qarşılığımda Yerlə bir olan nüfuzu, erməni diasporu və lobbisi, Türkiyə ilə bir neçə istiqamətdə toqquşan maraqlar və s... Bunlar zatən bəllidir və siyahını genişləndirmək də olar. Amma Makronun Ermənistanın acı məğlubiyyəti fonunda, məğlub ölkənin özündən daha artıq “saç yolması” ortalıqda hələlik çözə bilmədiyim hansısa şəxsi nüansların olduğu ehtimalını yaradır... Bu adamın dərdi nədir, görəsən? Alternativini tapıb göndərək ki, aşırı əzab çəkməsin...
Öncə nəzərə alaq ki, Emmanuel Makron ölkəsinin problemlərinin başdan aşdığı, COVİD-19 pandemiyasının tüğyan etdiyi bir zaman kəsiyində, işini-gücünü bir tərəfə ataraq Nikol Paşinyana fasiləsiz olaraq SMS göndərdiyini Ermənistanın kapitulyasiyasından sonra könüllərini almaq və təsəlli vermək üçün nahara dəvət etdiyi erməni icmasının münayəndələri ilə görüşündə dilə gətirib. Aydın olsun deyə, detallara diqqət yetirək:
Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini dilə gətirib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".
Mənzərə göz qabağındadır. Makron nahara çağırdığı ermənilərə təsəlli verməklə yanaşı, həm də özünü təmizə çıxarmağa çalışır. Və bu özünü təmizə çıxarmaq istəyi o qədər güclüdür ki, Fransa Prezidenti dövlətlərarası münasibətdə əsas götürülən bütün yazılmış və yazılmamış qaydaları pozmaqdan, onunla Nikol Paşinyan arasında yaşananları detallarına kimi açıqlamaqdan belə çəkinmir. Həm də kimlərə? Erməni icmasının nümayəndələrinə… Nə üçün? Hansı səbəbdən? Emmanuel Makron erməni icmasına nəyin, yaxud nələrin müqabilində hansı vədləri veribmiş ki, indi vəziyyətdən çıxış yolunu Nikol Paşinyanı hədəfə çevirməkdə, suçu onun üzərinə atmaqda görür?
Məsələn, mən Fransanın daha öncəki dövlət başçılarının özlərini və ölkələrini bu qədər aşağılayaraq erməni diasporunun nümayəndələrinə hesabat verdiklərini təsəvvürümə gətirə bilmirəm. Ola bilsin ki, onlar Makrondan daha artığını ediblər, amma hər halda “tüstüsü çıxmayıb”. Necə deyərlər, babalı, məlumatsızlığın boynuna…
Daha öncə təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Makron Paşinyanı kapitulyasiya sənədini imzalamazdan öncə onunla əlaqə saxlamamaqda da suçlayıb. Pah, guya Paşinyan Makronla danışsaydı, yaxud ona SMS yazsaydı, nə isə dəyişəcəkdi… Deyəsən sələfinin 2008-ci ildə hansı qapıdan və necə qovulduğunu yaddan çıxarıb. Ümumiyyətlə, unudub ki, 2005-ci ildən etibarən, Fransanın nə “kitab”ını oxuyan, nə də “dəftər”ini varaqlayan var və bu dövlətin iştirak etdiyi heç bir prosesin sonu sülhlə nəticlənməyib, daha böyük fəalkətlərə yol açıb.
Makronun Paşinyana yolladığı SMS-lərlə bağlı etiraflarında, onun Azərbaycana və Türkiyəyə olan aşırı nifrəti, aqressiyası açıq-aşkar sezilir. Yəni Emmanuel Fransanın prezidentindən daha çox faşist Qaragin Njdenin ardıcılı, yaxud beyni cəfəng ideyalarla zəhərlənmiş erməni separatçısı kimi danışır. Əks təqdirdə, ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn mövqeyindən çıxış etməliydi. Məlum olduğu kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnaməni dəstəkləyib. Azərbaycan isə 30 ilə yaxın bir zaman kəsiyində icra edilməyən qənamələrin icrasını təmin edib və məntiqlə Fransa prezidenti səs verdiyi, imza atdığı qətnamələrin kağız parçası kimi zibil yeşiyinə atılmadığına görə sevinməliydi. Dövlətlərin səsi, imzası həm də onların nüfuzu deməkdir.
Makronun erməni icması ilə naharda səsləndirdiyi fikirlər, bir daha Azərbaycanın sülhə məcburetmə əməliyyatı ilə bağlı nə qədər doğru və tarixi bir addım atdığını bird aha sübuta yetirir. Çünki erməni icmasına hesabat verən, Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsi dövründə Nikol Paşinyan kimi zəng etmədiyi telefon qoymayan Emmanuel Makronun Fransanın ərazi bütövlüyümüzlə bağlı nə zamansa ədalətli mövqe sərgiləyəcəyini gözləmək sadəlöhvlük olardı…
Makronun müharibənin ilk günündən davamlı şəkildə verdiyi açıqlamalarda yer alan fikirlər, bütövlükdə isə faəliyyəti əli, vicdanı (əgər varsa) milyonlarla günahsız insanın qanına bulaşan, müstəmləkəçi bir ölkənin başqalarını soyqırım törətməkdə ittiham etməsi qədər ikrah doğurur və klassik siyasi həyasızlığın bir şəxsin timsalında mutasiyaya uğramış yeni növü hesab oluna bilər.
Daha öncə qeyd etdiyim kimi, Fransanın qəzəbi bəllidir. “Anahit” məbədindəki kiçik bacısı qarşısına qoyulan vəzifələri “layiqincə” yerinə yetirməyib. Yaxud “Anahit” məbədinə gələn xaricilər yardım və dəstək qarşılığında kiçik bacıdan bacardıqları qədər istifadə ediblər. Elə ki, məsələnin həllinin kişilər arasında müzakirə olunması ilə bağlı proses başlayıb, hər iki bacı kişi söhbətindən kənarda qalıblar....
Amma Makronun öz dərdi nədir, bunu müəyyənləşdirə bilmədim?
P.S. Nə oldu, Makron?
Bir vaxtlar Ermənistanda keçirilən “Frankofaniya günləri”ndə Nikol Paşinyanla qol-qola, əl-ələ gəzir, yallı gedir, selfi çəkdirirdin. Fransanın Minsk Qrupunun həmsədri olduğunu, tərəflərə münasibətdə neytrallığını qorumaq barədə öhdəlik götürdüyünü xatırlamaq belə istəmirdin... Nə oldu?
Eybi yox, Paşinyana deyərik sənə SMS yazar. İndi o bizi telefon zəngi olmadan da eşidir. Yazar ki, “Quoi de neuf Macron?”
Elçin Mirzəbəyli