Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.
Komitədən verilən məlumata görə, Milli Məclisinin İnsan Hüquqları Komitəsi, Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara qarşı, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda operativ məlumatlandırmaq məqsədi ilə dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.
Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.