• 19 Avqust 2022
logo
"Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişiklik MM-in plenar iclasına tövsiyə edilib

"Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişiklik MM-in plenar iclasına tövsiyə edilib

Dekabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Müzəffər Ordumuzun 44 günlük savaşdakı möhtəşəm qələbəsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı uğurlu diplomatik addımların nəticəsi olduğunu deyib.

Fəzail İbrahimli bu qələbəni həm də dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi və erməmi təəssübkeşliyi üzərində Azərbaycanın qalibiyyəti, haqqın, ədalətin zəfər çalması kimi dəyərləndirib.

Sonra onlayn iclasda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Onlayn iclasda millət vəkillərindən Ceyhun Məmmədov, Anar İsgəndərov, Sahib Alıyev çıxış edərək müzakirə edilən qanun layihəsi bağlı fikirlərini bildiriblər. Yeni dəyişikliklərin dövlətlə siyasi partiyalar arasında əlaqələrin gücləndirlməsində, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayacağı vurğulanıb.

Müzakirələrin sonunda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Onlayn toplantıda hər iki komitənin üzvləri olan deputatlar iştirak ediblər.