• 20 Avqust 2022
logo
Prezident İlham Əliyevin dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirməsi çox böyük nailiyyətdir

Prezident İlham Əliyevin dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirməsi çox böyük nailiyyətdir

2020-ci ilin geridə qalan zaman kəsiyi ərzində Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin əldə etdiyi uğurların miqyası o qədər genişdir ki, qısa bir zamanda nəinki təhlil etmək, heç sıralamaq da mümkün deyil. Bu baxımdan, yalnız ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən məqamlara diqqət çəkə bilərəm.

Bunu AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli deyib ki, 2020-ci ildə daxili siyasətdə əldə edilən ən böyük uğur, şübhəsiz ki, ölkədə həyata keçirilən islahatların daha intensiv xarakter alması, dövlət idarəçilik sisteminin daha çevik bir hala gətirilməsidir. Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında hələ 2019-cu ildən başlayan və dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə edən struktur islahatlarının aparılması daxili siyasətdə sonrakı prosesləri stimullaşdıran amillər kimi mühüm önəm daşıyır.

Prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsi kimi, siyasi sistemin təkmilləşdirilməsi, ölkədə sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirləri daxili siyasətdə baş verən inqilabi dəyişikliklər kimi qiymətləndirmək olar. Məhz bu siyasətin nəticəsində Azərbaycanın daha əvvəllər bir masa arxasında oturmaları belə sensasiya kimi qəbul edilən, bir-biri ilə antoqanist münasibətdə olan siyasi təşkilatları ölkənin milli maraqları ilə bağlı bütün məsələlərdə bir araya gəlməyi, xarici təzyiqlərə qarşı vahid mövqedən çıxış etməyi bacardılar. Bu amil özünü 44 günlük Vətən müharibəsi dönəmində daha qabarıq verdi və qənaətimə görə, ölkənin siyasi partiyalarının vahid, bütöv Azərbaycan qayəsi ətrafında, heç bir ilkin şərt olmadan bir araya gəlmələri Prezident İlham Əliyevin tarixi nailiyyətidir və nəticə ölkənin gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır.

2020-ci ildə ölkənin media və QHT sektorunda da mühüm dəyişikliklər baş verib ki, qarşıdakı illərdə bu sahədə görülən işlərin, həyata keçirilən islahatların ciddi irəliləyişlərə gətirib çıxaracağının şahidi olacağıq. Hər iki istiqamət uzunmüddətli intellektual yatırım, yeni və innovativ mexanizmlərin tətbiqini tələb edən sahələr olduğu üçün prosesin nəticələrinin daha qabarıq görünməsi üçün müəyyən zamana ehtiyac duyulur. Lakin bununla yanaşı, həm COVID-19 yeni növ koronavirus pandemiyası ilə mübarizədə, həm də Vətən müharibəsi zamanı mediada və QHT sektorunda həyata keçirilən islahatların, şəffaf və çevik idarəçilik mexanizmlərinin tətbiqinin özünü doğrultduğu qənaətindəyəm.

2020-ci il həm pandemiya ilə mübarizədə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirilən sülhə məcburetmə əməliyyatında, Vətən müharibəsində Prezidentin əldə etdiyi ən böyük uğur onun Azərbaycan xalqını və dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirə bilməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəştsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan və yaşadığımız zaman çərçivəsində dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib olan xalqlarının həsəd apara biləcəyi milli birliyə nail olmağı bacardı. Hesab edirəm ki, bu amil Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qədər mühüm və tarixi bir nailiyyətdir.

Təbii ki, bizim tarixi Zəfərimiz, 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etməyimiz təkcə 2020-ci ilin deyil, 200 ildən artıq bir zaman kəsiyinin və əlbəttə ki, bütöv Azərbaycan tarixinin ən böyük uğuru, ən böyük qələbəsidir. Bu qələbənin memarı isə uzun illərdən bəri səbirlə, inadla xalqını, dövlətini Vətən müharibəsinə, böyük Zəfərə hazırlayan, strateji hədəflərinə doğru, hazırda dərk edildiyi üçün heyrət doğuracaq bir miqyasda fəaliyyət həyata keçirən, mümkünsüzü gerçəkləşdirən Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Bu gün ölkə vətəndaşlarının öz məktublarında, sosial şəbəkələrdə paylaşdıqları statuslarında dövlətimizin başçısına “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsini arzulamaları tamamilə təbii qəbul olunmalıdır. İlham Əliyev müzəffər Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanıdır! Həmçinin unutmaq lazım deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tam qələbəsini təmin etmək üçün həm orduya rəhbərlik edib, həm də ölkəmizin haqq səsini dünyaya çatdırmaq, maraqlarımızı təmin etmək üçün böyük bir axına qarşı həm informasiya məkanında, həm də diplomatiya sahəsində, sözün əsl mənasında, savaşıb və yüz ildən artıq bir zaman kəsiyində dünyanı saran erməni yalanlarını, onların çoxsaylı himayədarlarının total təxribat kampaniyalarını darmadağın edib. Bu baxımdan, İlham Əliyev təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün türk dünyasının qəhrəmanıdır.

“Əldə etdiyimiz böyük Zəfər və milli birlik bizi 2021-ci ildə daha qətiyyətli, daha yaradıcı, daha işgüzar olmağa sövq edir. Qələbədən eyforiyaya qapılmalı deyilik, mübarizə davam edir. Əskinə, bu qələbə gücümüzə güc qatmalı, bayrağımız qədər ucalan qürurumuzun verdiyi özünəinam sayəsində bütün maneələri dəf etməyə sövq etməlidir. Düşünürəm ki, 2021-ci il COVID-19 adlı görünməyən düşmən üzərində qələbə, böyük islahatlar və quruculuq ili olacaq. Tanrı Azərbaycanı qorusun!”, - deyə ekspert qeyd edib.