• 14 Avqust 2022
logo
"Dövlət siyasi təşkilatların inkişafında maraqlıdır" - Rəfail Becanov

"Dövlət siyasi təşkilatların inkişafında maraqlıdır" - Rəfail Becanov

“Siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən normal imkanlar yaradılması son günlərin uğurlarındandır. Partiyaların fəaliyyət imkanlarının məhdudluğu cəmiyyəti hər zaman narahat edən məsələlərdən olub. İndi bu narahatlıq aradan qalxır. Siyasi təşkilatların fəallaşması, onların üzvləri ilə əlaqə saxlaması, fəaliyyətlərinin güclənməsi üçün şərait yaradılır. Bu, eyni zamanda cəmiyyətin inkişafı, demokratik dəyərlərin güclənməsi, vətəndaş cəmiyyətinin əsas subjekti olan siyasi təşkilatların inkişafında dövlətin maraqlı olmasının göstəricisidir. Birmənalı olaraq, alqışlanmalıdır”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib. O, artıq 20-yə yaxın partiyanın qərargahla təmin edildiyini xatırladıb:

“Proses davam edir. Bu təminat partiyaların rayon təşkilatlarının, yerli şöbələrinin fəaliyyətində də özünü göstərəcək. Nəticə etibarı ilə cəmiyyətin siyasi aktivliyinə də təsir edəcək.

Prezidentin iradəsinə uyğun olaraq, Administrasiyanın müvafiq şöbəsi partiyalarla münasibətlərin normallaşması və əlaqələrin qurulması baxımından ötən bir il ərzində çox uğurlu fəaliyyət göstərib. Normal dialoq imkanları yaradılıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiyalarla görüşlərinin davamlı olması bir daha göstərir ki, hakimiyyət bu məsələdə konkret plana malikdir və partiyaların fəaliyyətinin güclənməsi, stimullaşması baxımından dövlət üzərinə düşən bütün məsələləri həll edəcək. Bu isə cəmiyyətdə qarşılıqlı etimad mühitinin artıq geridönməz proses alması deməkdir”.