• 12 İyul 2025
logo
“Özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdır”

“Özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdır”

Musa Quliyev: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır”

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə keçirilən iclasda millət vəkilləri ilk öncə cari məsələləri müzakirə ediblər.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq. Komitə sədrinin sözlərinə görə, məcburi köçkünlərimizlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq: “Hesab edirəm ki, Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır. Elə etməliyik ki,Qarabağda doğulan uşaqlar orada gələcəkdə məskunlaşa bilsin”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub: “Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”. Komitə sədri bildirib ki, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdır: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artrılması, qiymətlərin tənzimlənməs vacibdir”. Musa Quliyev həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.
Deputat Tahir Rzayev diqqətə çatdırıb ki, deputat həmkarlarımız, Milli Məclisin Aparatının əməkdaşları və texniki işçilər arasında çoxlu yoluxma halları var. Deputat təkliflə də çıxış edib: “Parlamentin iclasında gündəlik ətrafında məsələlərin müzakirəsi səsvermə ilə olmalıdır. Çoxluq təşkil edərsə, biz bu müzakirələri aparaq. Ölkədə pandemiyadır. Biz hamıya deyirik, bir yerə yığışmasın”.
Sədr Sahibə Qafarova deyib ki, bu məsələ dünən komitə sədrlərinin iclasında müzakirə edilib: “Hər zaman səsə qoyurduq. Bundan sonra da səsə qoyulacaq”.
Deputat Tahir Kərimli söyləyib ki, “büdcə sistemi haqqında” qanuna əsasən, gələn ilin dövlət büdcəsi dekabrın 20-nə qədər qəbul olunmalıdır. Hamı bilir ki, biz Vətən müharibəsi aparmışıq: “Təklif edirəm ki, həmin qanuna “2021-ci ilin dövlət büdcəsi istisna olmaqla” sözləri əlavə edilsin. Gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş rayonlarımıza vəsaitlər ayrılacaq”.
Deputat Sabir Rüstəmxanlı vurğulayıb ki, son günlər şəhid ailələrinin, qazilərin incidilməsi halları ortaya çıxır. O qeyd edib ki, belə bir məsələyə qətiyyən yol vermək olmaz: “Prezidentin həmin ailələrə qayğısı bəzən xırda məmurlar tərəfindən yerinə yetirilmir”.
Spiker Sahibə Qafarova deputatdan xahiş edib ki, həmin şəxslərin adlarıyla bağlı məlumat versin.
Deputat Məlahət İbrahimqızı deyib ki, nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiya sənədi UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib. Deputat bildirib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul edilməsi Birinci Vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir: “Ali Baş Komandanımızın bu gün istər diplomatiya masasında, istərsə də cəbhədə əldə etdiyi qələbələrdə Mehriban xanımın da mədəniyyət sahəsində əldə etdiyi qələbələrin rolu danılmazdır. Biz bu istiqamətdə də işləri davam etdirməliyik. Çünki bizim düşmənimiz təkcə torpaqlarımıza deyil, mədəni irsimizə də göz dikib”.
Deputatlar daha sonra gündəlikdə olan layihələri müzakirə ediblər.
Deputat Fazil Mustafa deyib ki, epidemiya əleyhinə rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir edəcəyini düşünmürəm. Deputat bildirib ki, bu şəxslərin çoxu iflas vəziyyətindədir: “Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.
Deputat Razi Nurullayev isə qeyd edib ki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılması müsbət hal deyil: “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”. Sədr Sahibə Qafarova isə deyib ki, ciddi xəbərdarlıqla bunun qarşısını almaq olmaz: “Gərək heç kim qaydaları pozmasın”.
Vitse-spiker Fəzail İbrahimli isə diqqətə çatdırıb ki, bir tərəfdə koronavirus dayanıb və yapışıb insanların sinəsindən, onları öldürür: “Digər tərəfdə isə qanun. Biz indi hansının tərəfində dayanaq?!”.
Vitse-spiker qeyd edib ki, bəzi sahibkarlar qanunları pozur: “Kafe işlədir, insanları bir yerə toplayır. İndi biz insanları ölümə sürükləyən şəxslərə qarşı susaq?! Bu necə vəzifəli şəxsdir ki, kafe işlədir?! Biz koronavirusun yanında olmalıyıq, yoxsa qanunların?!”. Hesab edirəm ki, bu məsələdə diqqətli olmalıyıq”.
Qeyd edək ki, birinci oxunuşda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması öz əksini tapıb.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə müvafiq dəyişiklik təklif edilir.
Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Təklif olunan dəyişikliyə əsasən, epiddemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə edilir.
Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Hazırda həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Dəyişikliyə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Qeyd olunub ki, son aylarda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində yaşanan yüksək yoluxma halları müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan cərimələrin yetərli olmaması, inzibati xətanın təsirinin artırılması, maddədə nəzərdə tutulan məhdudiyyətlərə daha ciddi yanaşılması, sahibkarlar tərəfindən ciddi nəzarət tədbirlərinin görülməsi və koronavirusun yayılmasının qarşısının alınması tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə bu dəyişiklik təklif edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə də dəyişiklik edilib. Bu üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən isə hər il noyabrın 8-i Zəfər Günü olacaq.
Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Gündəlikdə olan digər məsələlər də müzkirələrdən sonra səs qoyularaq qəbul edilib.
Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək.

Əli Zülfüqaroğlu