• 14 Avqust 2022
logo
Maksim Şevçenko İsmayıllıda olub

Maksim Şevçenko İsmayıllıda olub - FOTO

Gəncədə erməni vəhşiliklərinə qarşı öz ədalətli mövqeyini ortaya qoyan və haqq səsini qaldıran rusiyalı siyasətçi, televizya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllıda səfərdə olub.

İsmayıllının İvanovka kəndinə gələn qonağı molakanlar adətlərinə uyğun olaraq duz-çörəklə qarşılayıblar. Burada kənd ağsaqqallarının da iştirakı ilə səmimi görüş keçirilib, qonağın şərəfinə Azərbaycanda fəaliyyət göstərən yeganə kolxozun məhsullarından ibarət süfrə açılıb. İvanovka Mədəniyyət Mərkəzində fəaliyyət göstərən molakan folklor qrupu mahnı və rəqslər ifa ediblər. Sonra qonaq mərkəzin nəzdində fəaliyyət göstərən muzey, Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan uşaq baxçası və qədimi molakan evi ilə tanış olub, İkinci Dünya müharibəsi abidəsini ziyarət edib. Kənd ictimaiyyəti ilə görüşərək onların həyat tərzi ilə maraqlanan M.Şevçenko kənddə yeni vəfat edən 1936-cı il təvəllüdlü ağsaqqalın dəfn mərasimində də qatılıb.

Səfər çərçivəsində qonaq, həmçinin Buynuz kəndinə, Şahdağ Milli Parkına gedərək rayonun turizm potensialı ilə tanış olub.

Qeyd edək ki, tanınmış siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib, 44 günlük Vətən müharibəsində haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanıb.