• 19 Avqust 2022
logo
Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb - Vüqar Rəhimzadə

Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb - Vüqar Rəhimzadə

Möhtərəm Prezidentimiz İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündəki nitqi təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın möhtəşəm hərbi-siyasi Qələbəsinin səbəbləri və nəticələri, haqqın-ədalətin bərpası, işğala son qoyulması ilə regionda yeni reallıqların yaranması, qarşıda dayanan vəzifələrə aydınlıq gətirilməsi baxımından xüsusi diqqət çəkir. Münaqişənin davam etdiyi dövrdə Azərbaycan sülh danışıqlarına sadiqliyini hər addımda təsdiqlədiyi halda, Ermənistan və ona havadarlıq edən dövlətlər isə təxribabçı əməlləri və bitib-tükənməyən yalanları ilə problemin həllində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verirdilər. Nəticədə işğalçı Ermənistan havadarları tərəfindən ona göstərilən maddı və mənəvi dəstəkdən daha da ruhlanaraq yeni ərazilərimizi işğal etmək üçün planlar hazırlayırdı. Dövlətimizin başçısı İlham Əliyev hələ İkinci Qarabağ müharibəsi başlamamışdan öncə BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni müharibə planlarını dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırsa da, bu xəbərdarlıq həmin dairələrin maraqlarına cavab vermədiyi üçün susqunluqla qarşılandı. İşğalçı Ermənistan sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycana hücum etməklə bu planını açıq-aydın nümayiş etdirəndə bütün dünya, o cümlədən münaqişənin sülh və danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minck qrupunun həmsədrləri özlərini sanki baş verən hadisələrdən xəbərsiz kimi aparırdılar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə diqqəti 44 günlük müharibənin gedişinə, nəticələrinə, həmçinin 28 ildə aparılan danışıqlar prosesinə yönəldərək beynəlxalq vasitəçilərin rolunun qiymətləndirilməsini də bir zərurət kimi ortaya qoydu: “ Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayib? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Münaqişənin həllində möhkəm hüquqi baza mövcud olduğu halda 30 il həllini gözləməsi ədalətə nə dərəcədə uyğun idi? Bu qəbildən olan sualları xeyli sayda sadalamaq olar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan haqqı-ədaləti bərpa edib, işğala son qoyub. “Hərbi variant yoxdur” deyən dövlətlərin özləri də anlayırlar ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.”

Baş redaktor bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə status-kvonun saxlanmasının qəbuledilməzliyini bildirsələr də, zaman keçdikcə bunun əksini söyləməyə, nə yolla olursa-olsun status-kvonu qorumağa çalışırdılar: “Amma Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməyimiz sayəsində status-kvo dəyişdi. Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim starus–kvonu, dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status-kvo, təmas xətti yoxdur, yarmışıq onu, 30 il onlar qururdular bu təmas xəttini.”

“Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edib və kapitulyasiya aktına imza atmağa məcbur edib” söyləyən Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından, dünyaya bu Qələbənin təqdimatında əhəmiyyətli rola malik olan Zəfər paradının keçirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri təəccüb doğurmaya bilməz: “Bu səfər dövlətimizin başçısının qeyd etdiyi kimi, onların öz təşəbbüsləri olub, Azərbaycan tərəfi sadəcə bu təklifə etiraz etməyib. 30 ilin reallığı budur ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalət, işğalçını yerində oturdub, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası üçün cəza, sanksiyaların tətbiqini gözləyib, amma həmsədr dövlətlər susmağa, seyrçi mövqedə dayanmağa üstünlük veriblər. Azərbaycan işğalçı Ermənistanın və onun havadarlarının 30 illik yalanlarına, vaxt qazanmaq üçün imitasiya naminə danışıqların aparılmasına 44 günlük müharibə ilə son qoydu. 30 ildə yaradılan beynəlxalq hüququn, ədalətin yoxluğu görüntüsünü haqqı-ədaləti bərpa etməklə puç etdi. Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur. Onların icrası zaman və məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. Dünya dövlətlərinin xarici siyasətinin yenidən formalaşması Azərbaycanın qətiyyətli mövqeyinin, beynəlxalq aləmə ünvanladığı ədalət çağırışının nəticəsidir.”

“Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər” sualı ətrafında fikirlərini açıqlayan V.Rəhimzadə qeyd edib ki, artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər regionda yeni reallığa uyğun olaraq xalqları sülhə hazırlamalı, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola, buna uyğun olaraq yeni fəaliyyət proqramının ortaya qoyulması ilə regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər: “ Vasitəçilər neytral olmalıdır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan ötən 28 ildə bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində görmədi. ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransa daim ermənipərəst siyasəti ilə diqqət çəkib və bu gün də ənənəsini davam etdirir. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin postmüharibə dövrünün reallıqlarını qəbul edib hədəflərə nail olmaq üçün səylər göstərmələri inandırıcı görünmür. Bu baxımdan ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsi daha çox müzakirə olunan təkliflər sırasındandır.”

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi prosedurlara başladığını qeyd etdi. V.Rəhimzadə diqqəti Ermənistan hakimiyyətinin illərdir işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirdiyinə, ATƏT-in Faktaraşdırıcı Missiyasının iki dəfə həmin ərazilərdə olarkən bu faktı təsdiqləsə də hesabatlarında onun kim tərəfindən həyata keçirildiyini qeyd etməyi məqsədəuyğun hesab etmədiklərinə, işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane ola biləcəyini söyləməyi çıxış yolu hesab etmələrinə yönəldib: “Belə yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Ermənistan silahlı qüvvələri 44 gündə Azərbaycan Ordusunun belə qətiyyətli və peşəkar əks-hücum əməliyyatları ilə üzləşəcəklərini düşünmürdülər. Azərbaycan 10 noyabr Bəyanatının imzalanması ilə hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını dünyaya nümayiş etdirdi. Artıq postmüharibə dövrünün hədəflərinin icrası istiqamətində addımlar atılır. Azərbaycanın tarixi Qələbəsi ümumilikdə regionda yeni reallıqlar yaradıb. Regionda yaradılan yeni əməkdaşlıq formatı çoxtərəfliliyi ilə diqqət çəkir. Ermənistanın da bu əməkdaşlıqda təmsil olunması təklif olunur. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında yüksək əməkdaşlığın rəmzidir. Mövcud reallıqlara uyğun olaraq addımların ardıcıl şəkildə atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri hər kəsdə yalnız və yalnız 28 ilin turist səfərini, qonaq təəssüratını yaratdı. 28 ilin inamsızlıq mühitini bir saatda dəyişmək onlar üçün asan görünsə də, reallıq bunun əksini deyir.”