• 14 Avqust 2022
logo
44 günün hər günü şanlı tarixdir

44 günün hər günü şanlı tarixdir

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Xalqımız bu Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Və o gün gəldi. Azərbaycan Ordusu sentyabrın 27-də Ali Baş Komandanın əmrilə əks-hücum əməliyyatına başladı və cəmi 44 gün ərzində Ermənistanı məğlub etdi, işğala son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət bərpa olunsun. Qəhrəman Azərbaycan Ordusu qarşısına qoyulan məqsədə nail oldu. ƏDALƏT ZƏFƏR ÇALDI! Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və Ordumuzu dünyanın ən güclü ordularında biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Dekabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan Respublikasının Prezidenti qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, qalib Azərbaycan Ordusunun gücünü, öz LİDERİNİNnin ətrafında birləşən və müharibə zamanı özü orduya çevrilən xalqın əzmini bir daha dünyaya göstərmiş oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir.

Bu Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Prezident İlham Əliyev Paradda proqram xarakterli və dünyaya ünvanlanan vacib mesajlarla zəngin olan çıxışında bildirdi ki, “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. Ölkə Başçımız Türkiyənin Vətən müharibəsindəki rolunu xüsusi vurğuladı, deyə millət vəkili qeyd etdi. “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Bu sözlər Prezident İlham Əliyevə məxsusdur.

Tamam Cəfərova qeyd etdi ki, Paradda Azərabaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi heyəti ilə yanaşı türk hərbçilərinin də iştirakı, habelə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın həyat yoldaşı ilə birlikdə iştirak etməsi, onun Qarabağın işğaldan azad olunması ilə bağlı təbriki, qədim, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasını qeyd etməsi, ordumuzun gücünü vurğulaması Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricilərindəndir. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik. Türkiyə prezidentinin və eləcə də mehmetciklərin Zəfər paradında iştirak etməsi Türkiyə və Azərbaycanın regionda sarsılmaz gücə çevrildiyini göstərməklə bərabər, Azərbaycanın tək olmadığını bütün dünyaya göstərdi, deyə millət vəkili T.Cəfərova qeyd etdi.

Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin möhtəşəm nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bu Azərbaycanın hərbi gücünün dünyaya göstərisi olmaqla bərabər, həm də ermənilərin uydurduqları güclü Ermənistan ordusu mifinin də darmadağın edilməsindən hələ də şokdan ayılmayan, hələ də öz məğlubiyyəti ilə barışmaq istəməyən Ermənistana bir mesaj idi.

Tam əminliklə deyə bilərik ki, Şanlı Qəlbəmizin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Qələbəyə gedən yol Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən başlayıb. Məhz Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi inkişafının əsasları qoyuldu. Güclü iqtisadiyyat güclü ordu prinsipilə Azərbaycan ordusu dünya standartları səviyyəsində gücləndirildi.

Hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində Prezident İlham Əliyev tərəfindən böyük işlər aparılmışdı və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Beləki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Nəticədə proseslər elə inkişaf etdi ki, danışıqlar ümumiyyətlə dayandırıldı. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatından danışıqlar dalana dirəndi. Və son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi və Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı 44 günlük Vətən müharibəsidir.

Bundan sonra Azərbaycanın quruculuq missiyası başlanır. Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

Qəhrəman və Qürurlu xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək, şanlı tariximizin yeni səhifələrinin yazılmasını davamlı edərək, daha güclü Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.