• 11 Avqust 2022
logo
Vətəndaşlar Prezidentə yazır: Düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir

Vətəndaşlar Prezidentə yazır: Düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik.

Yeganə Mehdiyeva və Şahzadə Osmanovadan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Ordusu Vətən müharibəsində böyük zəfərini qazandı və bununla gücünü dosta da, düşmənə də göstərdi. Azərbaycan Sizin illərdən bəri yorulmadan ölkəmizi inkişaf etdirməyinizin, işıqlı gələcək qurmağınızın sayəsində belə güclü oldu.
Möhtərəm Prezident,
Bizə yaşatdığınız Qələbə sevincinə görə Siz başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik.
Bu möhtəşəm hissləri yaşadığımıza görə Sizə minnətdarıq.
Siz bizim əbədi Prezidentimizsiniz.
Hörmətlə,
Mehdiyeva Yeganə,
Osmanova Şahzadə,
səhiyyə işçiləri.
Azərbaycan Respublikası, Saatlı rayonu.

Hilal Əhmədovdan, Quba, Azərbaycan

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
Zəmanəmizin ən böyük və görkəmli şəxsiyyəti, müasir Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əliyevin Milli Ordu quruculuğunda əldə etdiyi yüksək nailiyyət Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün çox güclü, qüdrətli, müzəffər və yenilməz Orduya çevrilmişdir.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, müqəddəs torpaqlarımızı mənfur düşmən tapdağından azad edərək, amansız düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir.
Allah Sizi xalqımızın xilaskarı olaraq yaratmışdır. Allah Sizi və xalqımızı qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əhmədov Hilal Veysəl oğlu
Azərbaycan Respublikası, Quba rayonu.

Kərim Xoşzarədən, Təbriz, İran

Möhtərəm Prezident.
Siz şərəfli bir insanın layiqli və şücaətli oğlusunuz. Biz təbrizlilər Sizinlə fəxr edirik. Mən şəxsən sevinirəm ki, Sizinlə eyni dövrdə yaşayıram. Siz qeyrətli müsəlman kimi Qarabağı Azərbaycana və İslama qaytardınız, məscidlərimizi murdarlardan xilas etdiniz.
Allah Sizi və möhtərəm ailənizi qorusun, hər zaman başıuca eləsin. Amin!
Çox hörmətlə,
Kərim Xoşzarə
İran İslam Respublikası, Təbriz şəhəri.

Murad Ömərovdan, Xarkov, Ukrayna

Möhtərəm Prezident!
Sizi və Sizin şəxsinizdə bütün xalqımızı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram.
Biz çox fərəhlənirik ki, torpaqlarımızın 30 illik işğalı Şuşa qalasında şücayətli, cəsur əsgərlərimizin tarixə düşəcək qələbəsiylə başa çatdı. Mən 40 ildən çox ölkəmizdən kənarda yaşayan bir azərbaycanlı kimi Sizə və Sizin müdrik rəhbərliyiniz altında fəaliyyət göstərən hərbiçilərimizə, diplomatlarımıza və siyasətçilərimizə öz minnətdarlığımı bildirirəm.
Biz artıq qələbə çalmış böyük bir millətin nümayəndəsi kimi başımızı dik tutub qürurla gəzə bilərik və bunun üçün torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə qalxmış hərbiçilərimizin xatirəsi qarşısında baş əyirik, ulu Tanrıdan onlara rəhmət və yaralılarımıza şəfa diləyirik.
Ağdam, Kəlbəcər və Laçın rayonlarının Sizin müdrik siyasətiniz nəticəsində itki verilmədən azad olunması bizə bir daha əsas verir ki, gələcəkdə də diplomatiya cəbhəsində uğur qazanacaq və vəhşi ermənilər tərəfindən tamamilə viran edilmiş şəhər və kəndlərimizin bərpa ediləcəyinə əmin olaq!
Fürsətdən istifadə edərək Sizə şəxsən öz dərin minnətdarlığımı yetirirəm!
Dərin hörmətlə,
Ömərov Murad,
Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin ("Dostluq”) sədri,
Xarkov Milli Radioelektronika Universitetinin prorektoru,
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor.
Ukrayna, Xarkov şəhəri.

Çetinkaya Hakandan, Muğla, Türkiyə
Hörmətli cənab İlham Əliyev.
Allahın izni və Sizin böyük fədakarlığınızla Qarabağ uğrunda zəfər yürüşünüz mübarək oldu. Sizin əməyinizi təqdir edir, Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə Sizə təbriklərimi çatdırıram.
Biz türk milləti olaraq azərbaycanlı qardaşlarımızla böyük qürur və xoşbəxtlik duyduq. Allah uğurlarınızı daimi eləsin!
Hörmətlə,
Çetinkaya Hakan
Türkiyə Respublikası, Muğla şəhəri.

Tofiq Şahmarovdan, Masallı, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Sizin rəhbərliyiniz, titanik fəaliyyətiniz, səbirliliyiniz, təmkinliliyiniz, zərgər dəqiqliyi ilə hesablanmış addımlarınız və Azərbaycan Ordusunun polad iradəsi, cəngavərliyi, igidliyi ilə dünya azərbaycanlılarının, türk dünyasının və Azərbaycan dövlətini sevən insanların arzularının çin olmasına nail olunmuşdur. 44 gün ərzində mənfur düşmənin dəmir beton istehkamları yerlə yeksan edildi. Azərbaycan əsgəri hər bir vətəndaşın gözü hesab edilir və ediləcək də.
Ali Baş Komandanımız cənab İlham Əliyev, artıq dünya fatehləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən birinə çevrilmisiniz. Sizin əməyinizi xarakterizə etməyə söz və cümlə tapa bilmirəm. Siz 44 gün ərzində olan bütün çıxışlarınızda, müraciətlərinizdə, müsahibələrinizdə hər bir vətəndaşın içərisindən gələn fikri ifadə etdiniz. Bu çıxışlar və müraciətlər ilə Siz dünyada ən hündür dağdan da uca oldunuz. Azərbaycan Ordusunun şücaəti, xüsusilə Şuşa şəhərimizi azad etməsi ilə əlaqədar əməliyyatı hərbi akademiyalarda dərslik kimi tədris ediləcəkdir. Rus sərkərdəsi Suvorovun Alp dağlarını fəth etməsi ilə müqayisə edildikdə Şuşa əməliyyatı daha üstün görünür.
Möhtərəm Ali Baş Komandan, Siz doğrudan da xoşbəxt şəxsiyyətsiniz. Belə ki, Siz ata vəsiyyətini yerinə yetirdiniz, Siz xalqın istəyini təmin etdiniz, Mən bütün millətin fikrini ifadə edərək deyirəm: Siz millətin, xalqın qəhrəmanısınız. Belə bir adın təsis edilib Sizə verilməsini istəyirəm.
Ali Baş Komandan, Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığı azərbaycanlıların qürurla yaşamasını təmin etdi. Qardaş ölkənin və onun rəhbərinin Azərbaycana siyasi və mənəvi dəstəyi misilsizdir. Ulu Öndərimizin sözləri ilə desək, Azərbaycan dünyaya günəş kimi doğmaqdadır.
Möhtərəm Prezident, mən uzun müddət daxili işlər orqanlarında fəaliyyət göstərməklə, Qarabağ Müharibəsinin iştirakçısı və veteranı olmaqla tərəfinizdən ‘'İgidliyə görə” medalı ilə təltif edilmişəm. Bu gün də istənilən tapşırığınızı yerinə yetirməyə hazıram.
Ulu Tanrı Sizə yar və yardımçı olsun.
Hörmətlə,
Şahmarov Tofiq Şirin oğlu,
Masallı Rayon Polis Şöbəsi üzrə Veteranlar Şurasının sədri,
"İgidliyə görə” medalla təltif edilmiş polis polkovnik-leytenantı,
Hal-hazırda Masallı rayon Vəkil bürosunun müdiri.
Azərbaycan Respublikası, Masallı şəhəri.

Suludin Yusifovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident, əziz Ali Baş Komandan!
Qarabağ uğrunda gedən müharibədə möhtəşəm qələbə qazanmağımız münasibəti ilə Tərtər rayonunun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar adından Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə hər birimizi qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Bu qələbəni Sizin qətiyyətiniz, sarsılmaz uzaqgörən siyasətiniz nəticəsində əldə etdik, mənfur erməniləri “iti qovan kimi” qovduq.
Bizə bu böyük qələbə sevincini yaşatdığınız üçün Sizə dərindən minnətdarıq. Bir daha Sizi, Azərbaycanın Milli Ordusunu və bütün Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirik.
Tanrı Sizi qorusun. Tərtərlilər həmişəki kimi, yenə də Sizinlədir. Cocuq Mərcanlıdan başlayan böyük qayıdışımıza nail olduq. Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yusifov Suludin Bəhmən oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Tərtər şəhəri