• 9 Avqust 2022
logo
Hulusi Kılıç: Ermənistan mövcud reallıqları qəbul edib əməkdaşlıq yolunu tutmalıdır

Hulusi Kılıç: Ermənistan mövcud reallıqları qəbul edib əməkdaşlıq yolunu tutmalıdır

Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra keçirdiyi ilk Zəfər paradını izləmək olduqca qürurverici oldu. Bu parad bütün dünyaya, xüsusilə türk-müsəlman düşmənçiliyi edən tərəflərə, ilk növbədə, Azərbaycan dövlətinin gücünü, Ordunun yenilməzliyini, xalqın öz dövlətinə, torpağına, Vətəninə, Ordusuna və Ali Baş Komandanına bağlılığını nümayiş etdirdi. Azərbaycanda xalq-iqtidar birliyi öz dövlətini qorumaq və inkişaf etdirmək üçün lazım olan hər şeyə qadirdir.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.

Əldə olunan qələbənin Azərbaycanda olduğu kimi Türkiyə də eyni ruhlu Zəfər olaraq sevilə-sevilə qəbul edildiyini diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Azərbaycan döyüş meydanında qazandığı Zəfər onun dövlət kimi dünya birliyindəki layiqli yerini daha da möhkəmləndirdi. Azərbaycan-Türkiyə qardaşlığı həm ölkələrimizin təhlükəsizliyinin qarantı, həm də bölgəyə sülh, sabitlik və inkişaf qazandıran birlikdir.”

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfərini, Zəfər paradında iştirakını Azərbaycan-Türkiyə münasibətlərində yeni bir tarixi səhifə kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib ki, dekabrın 10-da imzalanan sənədlər birilliyimiz və qardaşlığımız naminə atılan mühüm addımlardandır.

Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin digər əraziləri arasında əlaqələrin qurulmasından sonra bölgədə yeni bir əməkdaşlıq mühitinin yaranacağına əmin olduğuna diqqəti çəkən səfir vurğulayıb ki, Ermənistan və onun havadarları mövcud reallıqla barışıb əməkdaşlıq yolunu tutmalıdırlar.