• 22 Sentyabr 2019
logo
add image
Asiya siyasi partiyaları Bakıda

Asiya siyasi partiyaları Bakıda

Əli Əhmədov: “Terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil”

Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir: "Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradan dərəcədə özünü göstərir".
Onun sözlərinə görə, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platformanı təşkil edir: "Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Regionda olan ən böyük qitə dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir. Gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim etməkdədir".
YAP sədrinin müavini-icra katibi deyib ki, Asiya bir çox təzadlarla müşahidə olunan regiondur: "Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkəni narahat edən problemlər üzərində diskussiyaların aparılması regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük yük düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var".
Əli Əhmədov vurğulayıb ki, Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı əhalinin tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır: "Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsi ilə bağlıdır. Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlərin geridə qalması İCAPP-ı düşündürən diskussiyaya səbəb olan cəhətlərdən biridir".
"Bizi narahat edən sabitliyin, əmin amanlığın, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Lakin təəssüf ki, terrorizmin Asiya qitəsinin həyatında törətdiyi fəsadları müşahidə etməmək və insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCAPP bu sahədə olan problemləri aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir", - deyə o qeyd edib.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, bu gün əsas hədəf orta təbəqəli qadınlardır, yəni rayon və kəndlərdə yaşayan qadınların iştirakçılığının artırılmasıdır.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birgə müvafiq layihələr həyata keçirilir: "Layihə nəticəsində Azərbaycanın bir neçə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının təşviqi, texniki yardım layihəsi həyata keçirilir. Bu yerlərdə yaradılan qadın resurs mərkəzləri bilavasitə qadınların iştirakçılığının təmin edilməsi üçün sistemli şəkildə iş aparır. Çalışırıq bu layihələrdə bütün qadınlar iştirak etsin. Layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb və ailə üzvlərindən əlavə digər şəxsləri də işçi kimi qəbul ediblər".
Sədr müavini qeyd edib ki, bu gün Azərbaycanda dövlət-qadın siyasəti həyata keçirilir: "Qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunmasında aktiv iştirak edir".
Sədaqət Qəhrəmanova vurğulayıb ki, son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir: "Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb".
Dövlət Komitəsinin rəsmisi deyib ki, dünyanın hər bir yerində, hətta ən inkişaf etmiş ölkələrində də eyni problemlər yaşanır - miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkünlük, erkən nikahlar: "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və ölkədə 1 milyondan Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda bu sırada olan qadınlar çox böyük əziyyət çəkmələrinə baxmayaraq, bu gün millət vəkili, müəllim, həkim, dövlət qulluqçusu, kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətində çalışanlar var və ölkə iqtisadiyyatının fəal nümayəndələrinə çevriliblər".
S.Qəhrəmanova bildirib ki, qadınların siyasi fəallığına gəldikdə isə müstəqilliyin ilk illərindən qadınlar kişilərdən geri qalmayıblar: "Hazırda minlərlə qadın müxtəlif siyasi partiyaların, sıravi və siyasi şuralarının üzvləridilər. Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı artıq 46 faizə çatıb. Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. İnanırıq ki, bu dəfə də bələdiyyələrin tərkibində qadınların sayının yüksəlməsinə nail ola biləcəyik".
Xatırladaq ki, konfransda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, partiyanın qadınlar qolunun təmsilçisi Nəzakət Məmmədova və BAXCP gənclər təşkilatının nümayəndəsi Turqut Quliyev də iştirak ediblər.
Qeyd edək ki, iclas çərçivəsində mövzulardan biri "Gənclərin ictimai və siyasi fəaliyyətlərdə rolu"na həsr edilib. Yeni Azərbaycan Partiyasının Gənclər Nümayəndəsi və ICAPP Gənclər Qolunun Büro üzvü Ramin Məmmədov moderator qismində çıxış edərək deyib ki, Asiyada sülhün, təhlükəsizliyin təmin ediıməsində və tərəfdaşlığın inkişafında gənclərin xüsusi rolu var.
O qeyd edib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır: "Gələcəyini fikirləşən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyi baxış konsepsiyalarını nəzərə alırlar. Bu baxımdan ICAPP-ın Gənclər Qolunun 5-ci iclasının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov ilk olaraq YAP-ın yaranma tarixindən bəhs edərək bildirib ki, partiyanın yaradıcısı Ümummili Lider Heydər Əliyevdir. Hazırda sıralarında 750-minə yaxın üzvü birləşdirən YAP-ın 250 min üzvü gənclərdir. Partiyada gənclərə bütün sahələrdə dəstək var. Bunun bariz nümunəsi kimi 1995-ci ildə YAP Gənclər Birliyinin təsis olunmasını qeyd edə bilərik. YAP-ın beynəlxalq əməkdaşlığından bəhs edən S.Orucov bildirib ki, Avropa və Asiya gənclərini bir araya gətirən İCAPP-la əlaqələrimiz yüksək səviyyədədir: "Düşünürük ki, bugünkü tədbirimiz müxtəlif istiqamətlərdə əməkdaşlığımızım genişləndirilməsinə böyük töhfə olacaq".
Koreyanın Milli Assambleyasının üzvü Kang Hoon Sik bildirib ki, qlobal məsələlərin həllində səylərin birləşdirilməsi əsasdır. İCAPP bu birliyin yaradılmasına böyük dəstək verir. Müxtəlif siyasi partiyaları özündə cəmləşdirən İCAPP fəaliyyət istiqamətini genişləndirdikcə aktual məsələlərin həllinə töhfələri də davamlı olur. Keçmişi anlayıb Asiya qitəsində barışığa töhfə verərək sabitliyə, əminamanlığa dəstək olaq.
Banqladeşin beynəlxalq əlaqələr komitəsinin təmsilçisi Mohammad İmranul Hye Sajib diqqətə çatdırıb ki, gənclərin enerjisi əldə olunan uğurlarda əsas rol oynayır. Gənclər yenilikçi inkişafa meyillidirlər. Bunun üçün onların potensial imkanlarından maksimum istifadə etmək günümüzün əsas çağırışlarındadır. Banqladeşin əhalisinin 30 faizi gənclərdir. Biz çalışırıq ki, onların imkanlarından istifadə edərək orta gəlirli ölkədən inkişaf etmiş ölkəyə çevrilmək istəyimizə töhfə verək.
İCAPP-ın Malayziya təmsilçisi Mikheil Kumsishvili bildirib ki, heç bir ölkə təkbaşına uğurlu nəticələr əldə etmək imkanında deyil. Birlik önəmlidir. Bugünümüzün çağırışları sırasında ədalətsizliyə qarşı birgə addımların atılması xüsusi yer tutur. Bu dialoqu necə yaramalıyıq? Biz bu gün bu barədə fikirlərimizi bölüşməliyik.
İranın İslam Əmək Partiyasının Gənclər Təşkilatının üzvü Payam Hamedanimojarad çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə gələcəyə böyük töhfə verəcək 23 gənclər təşkilatı fəaliyyət göstərir. Partiyamız gənclərin təhsilinə böyük diqqət yetirir. Ümidvaram ki, bugünkü tədbirdə müzakirə olunacaq məsələlər, qəbulediləcək qərarlar yenilikçi gəncliyin daha da uğurlu inkişafına stimul verəcək.
Panel iclasında çıxış edən digər təmsilçilər də qarşıya qoyulan hədəflərə yüksək səviyyədə çatmaq üçün gənclərin böyük qüvvə olduğunu bildirdilər. Qeyd etdilər ki, hər bir ölkənin xüsusi inkişaf strategiyası olmalıdır ki, gənclərimiz bu yönümdə istiqamətləndirilsin. Müasir dünyamızın əsas çağırışı budur - "Gələcəyimizin gənclərini yaradaq".