• 15 Avqust 2022
logo
Qalib Azərbaycan Zəfər Paradını qürurla nümayiş etdirəcək - Naqif Həmzəyev

Qalib Azərbaycan Zəfər Paradını qürurla nümayiş etdirəcək - Naqif Həmzəyev

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi isə sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərə bildi ki, Onun savaşı haqqın, ədalətin bərpası naminə idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyan Azərbaycan böyük təntənə ilə müstəqillik tariximizin ilk Zəfər Paradına hazırlaşır. Hər kəs səbirsizliklə öz hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan, həmçinin darmadağın edilən hərbi texnikasının nümayiş olunacağı günü gözləyir.

Bəli, artıq minilliklərdən soraq verən, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir.

Azərbaycan qürurla mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini, yeni tarixə qədəm qoyduğunu 10 dekabr 2020-ci il tarixində Bakıda keçiriləcək hərbi paradda dünyaya rəsmən elan edəcək. Azərbaycan xalqı ədalətin bərpa edilməsini bayram edəcək. Dünya ictimaiyyəti Azərbaycan xalqının ölkə Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi bir olmağı, milli birliyi sayəsində dövlət müstəqilliyini əbədi və dönməz etdiyinin nümayişinə şahidlik edəcək.