• 25 Yanvar 2021
logo
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı

Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı

44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib. Ş.Həsənova bildirib ki, ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı:

“Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı”.

Politoloq vurğulayıb ki, hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi:

“Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmamışdır ki, Ali Baş Komandanın rəhbərliyi altında olan ordumuz haradasa geriyə çəkilsin. Müharibə dövründə Azərbaycan Ordusunun dərindən düşünülmüş düzgün hərbi strategiyası, peşəkarlığı, və vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikasının tətbiq edilməsi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoydu. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbimizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və mütləq qalibiyyət qazanacağından doğan əminlikdən qaynaqlanırdı.

Bu müddət ərzində isə döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq informasiya məkanında da ən Ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Ali Baş Komandanı funksiyasını məharətlə icra edən cənab Prezident 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı”.