• 25 Yanvar 2021
logo
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan

Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan

İkinci Qarabağ müharibəsi dövründə Qərb mətbuat nümayəndələrinən fərqli olaraq türkiyəli jurnalistlər döyüşlərin əvvəlindən sonunadək Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

Onun sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün əks-həmlə əməliyyatına başladıqdan sonra təkcə ordular döyüşmədi, həm də tərəflər arasında informasiya mübarizəsi də aparıldı.

Səfirliyin müşaviri bildirib ki, bu müddət ərzində Qərb mətbuatı Azərbaycana qarşı qərəzli yanaşıb:

“Bu ölkələr fərqli sahələrdə bir-biri ilə mübarizə aparsalar da, ermənilərin təbliğat mübarizəsində sıx birləşdilər. Özlərinə sərf etdiyi yayımlar həyata keçirdilər, məqalələr dərc etdilər. Amma bütün bunlar boşuna oldu, çünki türk jurnalistlər canlı yayımlarla ermənilərin müharibə cinayətlərini ictimaiyyətlə paylaşırdılar”.

H.Altınalan əlavə edib ki, bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev və prezident köməkçisi Hikmət Hacıyev öz çıxışlarında daim vurğulayıb:

“Mətbuatdan söz açılanda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev hər zaman “Türkiyə mediası bütün dünyaya haqlı mübarizəmizi çatdırdı, qardaşlarımız var olsun” ifadələrini işlədib. Bu müddət ərzində hamı birlik və bərabərlik şəraitində türk millətinin nəyə qadir olduğunu gördü”.