• 18 Yanvar 2021
logo
“Bu çox böyük siyasi qələbədir”

“Bu çox böyük siyasi qələbədir”

Anar Məmmədov: “Laçının azad edilməsi dövlət sərhədlərinin tam bərpası deməkdir”

“Rəşadətli Azərbaycan Ordusunun əzmi və cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və yenilməz iradəsi nəticəsində Laçın rayonu işğaldan azad olundu. Üstəlik də bir güllə atılmadan, bir şəhid verilmədən. Beləliklə, bu gün Laçın şəhəri nəhayət 28 ildən sonra azaddır. Laçın düşmən tapdağından azad olunaraq öz doğma sakinlərinə qaytarılıb. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı. Bu çox böyük siyasi qələbədir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında deputat Anar Məmmədov deyib. O, “əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Sadəcə onu xatırlamaq kifayətdir ki, Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir”, - deyə əlavə edib: “Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi. Nəticə etibarilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla da Azərbaycan dünyada dondurulmuş münaqişələrin hərb yolu ilə də həlli yolunun olmasının nümunəsini yaratdı.
Dünən Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bir sıra vacib və maraqlı fikirlər səsləndirdi. Başlıca məqam ondan ibarətdir ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaratdı. Ölkə başçısının da qeyd etdiyi kimi, bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər görüldü, düşməni torpaqlarımızdan qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər həllini taparsa, onda bölgədə yeni əməkdaşlıq çərçivələri yaradılacaq.
Cənab Prezident müraciətində həmçinin Ermənistanın işğalçılıq siyasətinin bölgədə yaratmış olduğu müəyyən mahiyyət daşıyan çətinlikləri və İrəvan üçün faciəvi xarakter daşıyan durumu konkret faktlarla ortalığa qoyuldu. Təkrar şəkildə mənfur düşmənə bildirildi ki, əgər zamanında işğalçılıq siyasətini dayandırsaydı, Azərbaycandan Avropaya gedən enerji layihələrindən pay sahibi ola, gəlirlər götürə bilərdilər. Digər sahələrdə də əlaqələrimiz inkişaf edə bilərdi. Lakin rəsmi İrəvan bu gün bütün bunlardan məhrum olunub. Bundan sonra artıq kommunikasiyaların açılması heç şübhəsiz dövlətimizin rəyi ilə həll olunacaq”.
A.Məmmədov bildirid ki, ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı da dilə gətirdi: “Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. Ancaq Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb və hətta buna görə bəzi təzyiqlərə belə məruz qalıb. Bu gün reallığa gəlincə isə Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha dərk etdilər ki, saxta tarix heç zaman reallıqları dəyişə bilməz. Ötən 17 il ərzində həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda bütün gücümüzü səfərbər edib, cənab Prezidentin dediyi kimi düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.
Prezident sonda belə bir fikir səsləndirdi ki, elə bir strategiya, elə bir taktika müəyyənləşəcək ki, bundan sonra ölkəmizdə heç bir halda bu cür təhlükə mənbəyi olmasın. Belə yanaşma təkcə bölgədə deyil, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən yanaşmadır. Belə ki, cənab Prezident hər kəsin yaddaşında əbədi qəhrəman, qalib sərkərdə olmaqla yanaşı eyni zamanda dünya səviyyəli böyük dövlət xadimi kimi də həkk olundu. Sonda bir daha qeyd etmək istərdim ki, bu gün hər bir azərbaycanlı əmindir ki, hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün vədlərə əməl edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və xalqımız işğaldan azad edilmiş əraziləri yenidən gülüstana çevirəcək, infrastrukturu bərpa edəcək və oraya həyat qaytaracaqdır. Buna görə də bizlərə yaşatdığı qürurlu və tarixi günlərə görə ilk növbədə Ali Baş Komandana və Şanlı Azərbaycan Ordusuna öz təşəkkürümü bildirir, şəhid olan igid oğullarımıza allahdan rəhmət diləyirəm. Vətən əgər uğrunda ölən varsa vətəndir! Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!”.

Əli