• 29 Mart 2024
logo
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib

Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib

Almaniya Bundestaqı Qarabağda davamlı sülhün yaranmasının dəstəklənməsi ilə bağlı qəbul etdiyi sənəddə münaqişənin eskalasiyasının ardınca 2020-ci il noyabrın 10-dan hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirir.

Trend-in məlumatına görə, sənəd CDU/CSU (Xristian Demokrat/Xristian-Sosialist İttifaqı) və SPD (Sosial-Demokratlar) fraksiyalarının təklifi ilə hazırlanıb.

Hər iki tərəfdən insanların həlak olmasından təəssüfləndiyini ifadə edən Bundestaq atəşkəsin ehtiyac duyulan humanitar yardımı regiona gətirməyə və tərəflərə danışıqlar masasına qayıtmağa imkan yaratdığını qeyd edir. Almaniyanın Beynəlxalq Qırmızı Xaç Komitəsini zəruri humanitar yardım göstərmək üçün iki milyon avro ilə dəstəklədiyi bildirilir. Eyni zamanda, vurğulanır ki, Almaniya Avropa İttifaqındakı, ATƏT-dəki və BMT-dəki tərəfdaşları ilə birlikdə Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün daha böyük öhdəlik götürməyə hazır olmalıdır. Avropa qonşuluğunun sabitliyi siyasi, iqtisadi və s. sahələrdə əməkdaşlığa münasibətdə Almaniya üçün də maraq kəsb edir. Bununla əlaqədar Almaniya Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olmasına öz töhfəsini verməlidir.

Sənəddə bildirilir ki, sentyabrın 27-də münaqişənin yenidən alovlanması ərazi məsələləri ilə bağlı münaqişələrin həlli ilə məşğul olmağın necə vacib olduğunu göstərdi. ATƏT və BMT Minsk qrupu çərçivəsində BMT qətnamələri və Madrid prinsipləri, eləcə də güc tətbiq etməmə prinsipi əsasında davamlı sülhün tapılması üçün çox az iş görüblər. Belə bir ssenarinin gələcəkdə ATƏT məkanında təkrarlanmasına yol verilməməlidir. Bu xüsusda, ATƏT-in Minsk qrupu və xüsusən də onun həmsədrləri ən qısa müddət ərzində öz uğursuzluqlarını tənqidi baxımdan nəzərdən keçirməli, uğursuzluqların səbəblərini müəyyənləşdirməlidirlər. Onlar gələcəkdə belə bir eskalasiyanın qarşısının alınması üçün konsepsiyaların hazırlanmasına görə məsuliyyət daşıyırlar. Eyni zamanda, son proseslər Avropa İttifaqı üçün də həyəcan siqnalı olmalıdır. Avropa İttifaqı özünün qonşuluğunda sabitliyi təmin etmək üçün indi əvvəlkindən daha çox məsuliyyət daşıyır. Avropa İttifaqı dinc və firavan Cənubi Qafqaz üçün razılaşmalara töhfəsini verməyə hazır olduğunu bəyan edib. Bu, Avropa İttifaqının gələcəkdə regiondakı siyasi proseslərə təsir edə bilmək üçün bütün münaqişə bölgəsində iqtisadi yenidənqurma fəaliyyətini də ehtiva edə bilərdi.

Bundestaq Türkiyə və Rusiyanın davamlı sülhün təminində səylərinin önəmini də qeyd edir.

Vətənə qayıtmaq, dağılmış evlərin yenidən bərpası və dinc birgəyaşayış imkanının insanlar üçün böyük uğur olduğu bildirilir.

Bundan başqa, Almaniya Bundestaqının Ermənistanda yaranmış siyasi qeyri-sabitlikdən narahatlıq keçirdiyi bildirilir, daxili siyasi böhranın konstitusional yolla, demokratik institutlar çərçivəsində həll edilməsinin vacibliyi vurğulanır.

Bundestaq Federal hökuməti Qırmızı Xaç, yaxud Qızıl Aypara kimi beynəlxalq humanitar qurumlar vasitəsilə yardımın təmin olunmasına, əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün işin aparılmasına, müharibə cinayətlərinin araşdırılmasına, beynəlxalq tərəfdaşlarla Qarabağ bölgəsi və ətraf rayonlardan olan bütün köçkünlərin vətənlərinə qayıtmaları hüququnun və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması üçün işin aparılmasına, dinc birgəyaşayışın təşviq edilməsinə, müharibədə dağılmış mülki infrastrukturun bərpası məqsədilə bütün münaqişə bölgəsi üçün yenidənqurma fondunun təsis olunmasının mümkünlüyünün araşdırılmasına çağırır.

Sənəddə, həmçinin bundan sonra görüləcək işlərdə Avropa İttifaqının da iştirakının da önəmi qeyd edilir.