• 4 Mart 2021
logo
Ermənistanın nə düşünülmüş iqtisadi siyasəti var, nə də gələcəyə hesablanmış planları - Deputat

Ermənistanın nə düşünülmüş iqtisadi siyasəti var, nə də gələcəyə hesablanmış planları - Deputat

İqtisadi müstəqilliyi olmayan ölkə heç vaxt siyasi baxımdan müstəqil ola bilməz. Belə ölkələr həmişə ələbaxan olurlar, dilənirlər, başqa dövlətlər qarşısında başıaşağı olur və həmişə ianələrə ümidlə yaşayırlar. Belə ölkələrdən birincisi Ermənistandır. Ermənistanın xarici dövlət borcu ÜDM-in 80%-ni keçib. Bu ölkənin nə düşünülmüş iqtisadi siyasəti var, nə də gələcəyə hesablanmış planları. Xalqa edilən vədlər də kağız üzərində qalır və zaman keçdikcə insanların dövlətdən narazılığı artır, ölkə xaosa sürüklənir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov vurğulayıb ki, Azərbaycan isə Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində iqtisadi və siyasi baxımdan müstəqil ölkəyə çevrilib: “Ulu Öndər Heydər Əliyevin sözü ilə desək, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Azərbaycan dövləti formalaşdırılmış güclü iqtisadi potensialından düzgün istifadə edərək ordusunu müasirləşdirdi, gücləndirdi. Bu gün dünyada iqtisadi tənəzzül baş verməsinə baxmayaraq, iqtisadiyyatda azalmalar çox aşağı həddədir, xarici dövlət borcumuz ÜDM-in 23%-i təşkil edir.

Həm də dövlətin valyuta ehtiyatları xarici dövlət borcundan 3 dəfəyə qədər çoxdur. Bu o deməkdir ki, Azərbaycan öz xarici dövlət borcundan dərhal azad oluna bilər. Təbii ki, ölkəmizin iqtisadi müstəqilliyi siyasi müstəqilliyini şərtləndirib. Azərbaycan dünyada sözünü deyən ölkədir. 44 günlük vətən müharibəsində ölkəmizə olan xarici siyasi təzyiqləri dövlət başçımız heç nədən çəkinməyərək dəf etdi.

Bu gün də bizə yol göstərmək və dərs keçmək istəyənlərin cavabı elə verilir ki, onlar bir də dövlətimiz haqqında söz deməyə cəsarət etməsin. Məsələn, işğaldan azad olunmuş Ağdam şəhərində dövlət başçımızın dini məbədlərinin qorunmasını bizə tövsiyə edənlərə verilən cavabı xüsusi qeyd etmək olar. Özləri islamofob siyasəti qızışdıran, məscidlərə donuz başları atan, peyğəmbərimizin karikaturalarını dövlətin rəsmi jurnallarında dərc etdirən ölkələrin rəhbərləri bizə ağıl öyrətmək istəyir. Belə ölkələrin rəhbərlərinə heç nədən çəkinməyərək cənab İlham Əliyevin ünvanlı mesaj göndərməsini sözün əsl mənasında müstəqilliyimizin göstəricisi hesab edirəm”.

A.Badamov vurğulayıb ki, Azərbaycan kifayət qədər öz işini bilən, dünyəvi dəyərlərə hörmətlə yanaşan, multikultural və tolerant siyasəti ilə dünyaya nümunə olmuş ölkədir:

“Bizə nəyi necə etmək lazımdırsa, heç kimin göstəriş verməyinə ehtiyacı yoxdur. Azərbaycan heç kimdən asıllı ölkə deyil. 44 günlük döyüş meydanındakı qələbəmizlə müstəqilliyimizi sübut etmişik. İndi də siyasi meydanında güllə atmadan qalan torpaqlarımızı işğaldan azad etməklə siyasi mütəqilliyimizi təsdiq edirik”.