• 19 Mart 2024
logo
Fransanı unudun

Fransanı unudun

Qoy “kiçik bacısı” ilə birlikdə xəyallarının çəhrayı rənginə boyansın...

Fransa senatının qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsi bir daha bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətdə olduğu dövr ərzində yalnız işğalçı Ermənistanın və erməniliyin maraqlarından çıxış etdiyini sübuta yetirir. Və bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində rəsmi Bakının sentyabrın 27-dən başlayaraq atdığı addımların problemin nhəlli üçün yeganə çıxış yolu olduğunu təsdiqləyir.

Qətnamə tövsiyyə xarakterlidir, indiki halda Fransa hökumətinin rəsmi mövqeyini ifadə etmir və təbii ki, hüquqi qüvvəsi yoxdur. Amma hətta Fransa hökumətinin qəsmi mövqeyini ifadə etsəydi də belə, bunun bizim üşün kağız parçasından fəqri olmayacaqdı. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, BMT Nizamnaməsini, BMT TŞ-nin Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı qətnamələrini, bütövlükdə isə beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan bir dövlətin qəbul etdiyi sənədin bizim üçün hansı dəyəri və əhəmiyyəti ola bilər ki?

Fransa senatının qətnaməsinin mətnindən də aydın olur ki, sənəd tələm-tələsik, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanatın əsas müddəalarının sonunadək icra edilməsinə süni əngəllər yaratmaq məqsədilə hazırlanıb və qəbul edilib. Görünür, erməni silahlı qüvvələrinin Kəlbəcərdən çıxarılmasından sonra, Fransa siyasətinin çoxüzlü təmsilçiləri prosesin qarşısıalınmaz olduğunu, bəyanatın bütün müddəalarının yerinə yetiriləcəyini anlayıblar və dekabrın 1-dək olan zaman kəsiyindən maksimum dərəcədə faydalanmaq, ən azından postmünaqişə dövründə rəsmi Parisin bu və ya digər şəkildə iştirakını təmin etmək üçün tutarğac hazırlamağa cəhd göstəriblər. “Sənəddə” Azərbaycan və Ermənistandan daha çox Türkiyənin adının hallanması isə, indiki halda daha çox rəsmi Ankaranın sülhməramlı missiyada iştirakının qarşısının alınmasına yönəlmiş təxribata daha çox bənzəyir. Bu təxribatda Ermənistan və Fransa ilə yanaşı, üçüncü və dördüncü tərəflərin maraqlarının, yaxud bununla bağlı hansısa gizli razılaşmanın da yer ala biləcəyi mümkündür. Müharibədən qalib çıxmış Azərbaycanın postmüharibə dönəmində əlinin zəifləməsi, Türkiyənin bölgəyə təsir imkanlarının azalması, indiki halda bir sıra region dövlətlərinin arzu və istəklərinə də uyğun ola bilər.

Ola bilsin ki, dekabrın 1-dən sonra, yaxud elə sözügedən tarixədək olan zaman kəsiyində Ermənistan Fransanın prosesdə Türkiyə ilə eyni statusda iştirak etməsi təşəbbüsünü irəli sürsün. Hazırda rəsmi İrəvanın buna nə dərəcədə cəsarət edə biləcəyini demək çətin olsa da, belə bir ehtimalın nəzərə alındığı, yaxud alınacağı qənaətindəyəm. Fransa senatının qəbul etdiyi qətnamədən də açıq-aşkar görünür ki, marionet senatorları və onların idarəçilərini Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik, həmrəylik nümayiş etdirməsi narahat əndişələndirir.

Fransa senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi, çox güman ki, tarixə fikir mübadiləsindən daha çox, bu rəzil təşıbbüsdə bulunan 12 “Ostap Bender” əxlaqlı senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə düşəcək.

Çıxışlardan da aydın olur ki, Fransa senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılığın əldə edilməsindən xəbəri belə yoxdur. Onlara, sadəcə “hücum” komandası verilib, vəssalam. Əks təqdirdə, senator Stefan Ravie “Fransadakı erməni gənclərin vətənlərinə dönərək vuruşmaq istəməsi”ndən söz açmazdı… Maraqlıdır, görəsən bir dövlətin beynəlxalq səviyyədə tanınmış əraziləri nə zamandan işğalçılar üçün “vətən” sayılır? Yaxud erməni əsilli Fransa vətəndaşları işğalçı ordunun tərkibində hansı statusla Azərbaycana qarşı vuruşacaqdılar? Musdlu kimi?

Düşünürəm ki, “səsvermə”nin kütləviliyi də senatın qəbul etdiyi qətnamənin sifarişli və planlaşdırılmış təxribat olduğunu sübuta yetirir. Azərbaycan torpaqlarının işğalı, münaqişənin yaranma səbəbləri haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorların fəallığı ortalıqda vahid mərkəzdən idarə olunan, öncədən razılaşdırılmış bir provakasiyanın olduğundan xəbər verir.

Azərbaycanda Fransadan kimlərinsə ədalətli mövqe gözlədiyini düşünmürəm. Görünən dağa bələdçi lazım deyil... Bütün bunlardan sonra Fransanın rəmzi də olsa “vasitəçi” adını daşımasını Azərbaycanda bir kimsə qəbul etməyəcək. Əgər azacıq da olsa ləyaqətləri qalıbsa – hərçənd ki, buna böyük şübhə ilə yanaşıram – indidən rədd olub gedərlər.

Bu yazıda Fransanın və onun senatının ünvanına hansısa tənə, giley, narazılıq dolu ifadələr işlətməkdən çox uzağam. Dostumuz deyil, qardaşımız deyil. Özünü Ermənistanın böyük bacısı gözündə görən bir ölkədən ədalət gözləmək, zənnimcə hava limanında gəmi gözləmək kimi bir şeydir. Bu gözlənti isə özünü yalnız sunami baş verəcəyi təqdirdə doğrulda bilər...

Bu qədər...

Fransanı isə unudun... Qoy “kiçik bacısı” ilə birlikdə xəyallarının çəhrayı rənginə boyansın...

Elçin Mirzəbəyli