• 28 Mart 2024
logo
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov

Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov

“Xristian abidələrinin müdafiəçilərinə” bəyan edirəm ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azəbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir. Amma bütün bunlar bəzi Qərb dairələrini qəti maraqlandırmır və “xristianlığın müdafiəçiləri” susurlar!

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Yaqub Mahmudov deyib ki, bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər. Nə qədər təəccüblü olsa da, ermənilərin quyruğunda sürünən Qrebenşikov, Spivakov kimi bir qrup rusiyalı mədəniyyət xadimi də UNESCO-ya müraciət edərək, Qarabağdakı xristian abidələrinin qorunmasını xahiş ediblər. Təəssüf ki, Azərbaycana qarşı təxribatlar bitmir ki, bitmir! Və Makrondan ilhamlanan Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa nəhayət ermənipərəst mövqeyini açıq şəkildə sərgilədi!

Tarixçi alim qeyd edib ki, Azərbaycanın bütün tarixi abidələri, o cümlədən kilsələr dövlət tərəfindən qorunur: “Ermənilər öz məzhəblərindən, yəni qriqorianlıqdan başqa bütün dinlərin düşmənidir. Onlar Qarabağdakı pravoslav kilsəsini də dağıdıblar. Beləliklə, UNESCO-ya müraciət edən ermənipərəst ziyalıların ad-sanı bir qara qəpiyə də dəyməz!”

“Prezident İlham Əliyev Vətən müharibəsində tarixi qələbə qazanmaqla “Dağlıq Qarabağ problemi”ni çözdü! Ali Baş Komandan ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi! Amma bəzi dairələr erməni vandallarını müdafiə edir və Azərbaycan Alban kilsələrini erməni kilsələri kimi dünyaya təqdim edirlər. Bu isə ermənilərin əsassız ərazi iddialarına yol açır. Prezidentimiz haqlı olaraq bəyan edir ki, qədim Azərbaycan dövləti olan Albaniyaya aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”, - deyə akademik bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır: “Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Orta əsrlərdə Şərqin müsəlman dövlətlərinə qarşı məkrli siyasət yeridən Avropa xristian dövlətləri erməni-qriqorian kilsəsini himayə ediblər. 1441-ci ildə Azərbaycan hökmdarı Cahanşahın icazəsi ilə erməni katolikosluğunun mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycanın İrəvan şəhəri yaxınlığındakı qədim Azərbaycan-Alban monastırı Üçkilsəyə köçürüldüyü zaman Alban kilsəsinin artıq 1400 ildən çox yaşı var idi. I əsrdə Müqəddəs Yeliseyin təşəbbüsü ilə Şəkinin Kiş kəndi ərazisindəki qədim ziyarətgahın yerində Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi ilə Alban kilsəsinin ən faciəli illəri başlandı. Və erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv etdi, kilsənin maddi-mədəni irsinə nəzarət isə qriqorian kilsəsinin ixtiyarına keçdi. Beləliklə, erməni millətçilərinin Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları qaldırmaları üçün zəmin yaradıldı.

Saxta erməni tarixini uyduran, ermənilərin tarixində dövlət rolunu oynayan məhz qriqorian kilsəsi olub. Bu kilsə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında birbaşa iştirak edib, xalqımıza qarşı soyqırımlarına, o cümlədən Xocalı soyqırımına “göz yumub”. Müasir dövrdə isə bunun sübutu I Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən keşiş Ovannisyanın yeni yayılan əli silahlı fotosudur.

Sübut edilib ki, ermənilər Qafqaza, o cümlədən Şimali Azərbaycana gəlmə xalqdır. Onlar buraya çar Rusiyası tərəfindən köçürülüb gətirilmişdir. Bu fakt antropoloji, yazılı və digər qrup qaynaqlarla, o cümlədən yüzlərlə arxiv sənədi ilə təkzibedilməz şəkildə sübut olunub”.